Bir gün keçib, amma "Sumqayıt"ın dünənki tarixi "qaranlıq" videosunun təsiri hələ də getməyib. "Neftçi"də isə bu işə cavabdeh olanlardan heç kəsin istefa xəbərini eşitmədik. Dünənkilərdən sonra o şöbədə olan hər kəs - rəhbərindən tutmuş operatoruna qədər hər kəs ərizəsini yazmalı idi. Klubun imicinə vurulan bu böyüklükdə zərbəyə görə kimsə cavab verməli, cəzalanmalıdı. 

 

Yadıma "Xəzər Lənkəran"ın pankart şedevri olan "Xəzərin qucağındakı" düşdü. Böyük bir Milad idi o pankart. "Sumqayıt"ın videosu isə cavabların kralı, son nöqtəsi oldu. "Neftçi"nin son illərdə başına gətirilənlərin məntiqi sonluğu, hətta deyərdim qısa videoxronologiyası.

 

Futbolu ciddiyə almaq, hər şeyi yüz ölçüb, bir biçərək addımlar atmaq lazımdı, hörmətli xanımlar və cənablar. Futbol qeyri-ciddiliyi bağışlamır. Hətta zarafat belə ciddi əsaslara söykənməlidi. Rəqibə meydan oxumağa adamda güc olmalıdı. Məsələn, bu gün "Qarabağ" Premyer-Liqada istənilən rəqibə belə videolarla meydan oxuya, sökə-sökə də qalib gəlib parçalaya bilər. Amma eləmirlər. Nəylərinə lazımdı? Sakitcə başlarını aşağı salıb işlərini görürlər. Hörmətləri hörmət, gücləri güc, uğurları da uğur.

 

"Neftçi"də isə hər şey lağlağıdı. Karvalol, sabah, tur, axırda da bu. Qardaş, siz nəyinizə güvənib belə işlər görürsüz? Siz nə vaxt meydanda hegemon olduz ki, sosialda da belə şeylər edirsiz? Oyundan əvvəl soruşsan, 3 nəfərdən 2-si "Sumqayıt" üzərində qələbəyə inanırsızmı" sualına "əmin deyiləm" cavabını verərdi. Hətta klubun içində belə. Hətta futbolçular belə. Yaxşı bəs nəyə güvənirdiz? Heç nəyə güvənmirdiz. Sadəcə işlərin başı buraxılıb, kim nə istəyir, onu da edir. Üzü gedən isə "Neftçi"di. Bizim "Neftçi". 

 

Mənə bir şey də çatmır. Tutaq ki, klubun media və PR işlərinə baxanlar bacarıqsızdılar. Bəs bu kluba kamilliklə yiyəlik edənlər demirlər ki, a bala bu nə işdi görürsüz? Niyə bir nəfər çıxıb, kluba qarşı bu yüngül desək, urvatsızlığın qarşısını almır? Almır, ala bilmir, ya almaq istəmir?

 

PR demişkən, bir haşiyəyə çıxım. Abilər, bu iş bu qədər asan olsaydı elə hamı görərdi də. Son ilyarımda işlərinin mütəxəssisi olan üç nəfərlik bir qrupla iş təcrübəm oldu. Orda gördüm PR-ın necə ciddi bir iş olduğunu. Vallah, elə xırda detallara diqqət yetirirdilər ki, adamın nəinki ağlına gəlməzdi, heç yuxusuna da girməzdi. Adi bir posterə görə az qala 2 sutka müzakirə aparırdıq. Özlərinə deməsəm də, çox bezirdim, amma indi görürəm nə qədər doğru edildiyini. Çünki işlərinin peşəkarı idilər. Adlarını çəkmirəm, özləri bu yazını oxuyacaq, başa düşəcəklər. Burdan onlara dərin sayğılarımı göndərirəm və öyrəndiklərim, verdikləri təkan üçün təşəkkür edirəm. 

 

Sözümə qayıdıram. PR sadəcə söz soxmaq deyil, sözün vaxtında, yerində, məqamında, doğru məkanında, doğru auditoriyaya deyilməsidi. 3-5 ilin "Sabah"ının karvalolundan sonra ondan bir az yaşlı "Sumqayıt"a bu cür söz atmaq koskoca "Neftçi"ni ucuzlaşdırmaq demək idi. Rəqibin hansı şəhəri təmsil etdiyi unutmaq isə ayrı məqamdı. Ata-anaları sağ ola-ola özlərinə yetim deyən topluma bu cür söz atmaq strateji səhv idi. Əsl Sumqayıt uşağı Samir Abasov da bundan necə lazımdısa istifadə elədi və cavab da tarixlərə düşəcək sədada oldu.

 

Çox klassik, klişe bir cümlə olacaq, amma rəhmətlik Banişevski indi qəbrində özünə yer tapmır. O həm öz klubuna, həm də rəqiblərinə sayğı ilə tanınan şəxs kimi klubun simvoluna çevrilmişdi, indi bu klub nə özünə, nə də rəqiblərinə hörmət qoyur. Məni "sroku keçmiş day-daylar" sırasına yazmağa da tələsməyin. Ölkədə klublar arasında söz atışmalarının tərəfdarı, təbliğatçısı, hətta deyərdim təşəbbüskarı olan iki jurnalist varsa, ikisi də mənəm. O qədər yazmışam ki bu barədə. Az qala hər ay dirənirəm ki, gəlin nəsə bir hay-küy salaq, maraq yaradaq, camaat bu boz ölkə çempionatımızla maraqlansın, diqqət eləsin. Amma mən bunu ağılsız yox, hesablanmış bir işlə olmasının tərəfdarıyam. XL "Bakı"ya söz soxanda heyətindəki legionerlərə, tribunadakı daimi 15 minlik tamaşaçısına, nəhəng camiəsinə güvənirdi. Siz kimə güvənirsiz? Olanare, 300 nəfərlik "Forza Neftçi" və "utanmığsan ölməkdən" tiplilərin böyüklük elədiyi, adı camiə qoyulan dağınıq topluma? Pula? Dünən "Sumqayıt"ın çəkdiyi cavab videosuna heç pul lazım olmadı, səhnə də qurmadılar, xüsusi avadanlıqdan da istifadə eləmədilər. Amma "Neftçi" müvafiq şöbəsində çalışan işçi sayı rəqibin komandasındakı adam sayından daha çoxdu. Nəticəsi ortadadı. Səsdən qulaq tutulur.

 

"Yaxşı olacaq" deyilmişdi. Olmadı. Olan ancaq Olanare, Mutu və səsi gənclik şəhərindən gələn çarpayı cırıltısı oldu.

 

Kənan Məstəliyev