“Neftçi”yə suallarım var. Əslində tək mənim yox, ictimaiyyətin. Lağlağını da bir kənara qoyub soruşmaq istəyirəm. Xüsusilə də Piterdəki turnir və sonrası barədə.

İşin məhz futbol tərəfini.

Beləliklə,

Rusiyadakı turnir məsələsi çox vacibdi. İşin qeyri tərəflərini (siyasi, ictimai və s.) tənqid edirik, zarafata salırıq, bu öz yerində.  Amma sırf futbol tərəfi ciddi analiz olunmalıdı. Kim edəcək, klubda belələri varmı, onlara bu lazımdımı, bilmirəm. Biz üzərimizə düşəni edək.

Düşünürəm ki, bu turnirdə bu spontan iştirakın "Neftçi"yə vurduğu zərbənin nəticəsi sentyabr-oktyabr aylarında (bəlkə də daha tez) özünü aşkar göstərəcək. Yayın ortasında belə yarışa, özü də baş məşqçisiz qatılmağın fəsadları çoxdu.

Aşağıdakı suallara tapılacaq cavablar qarşıdakı mövsümə öz rəngini verəcək: hər şey ağ olacaq, yoxsa qara?

- Yeni gələn baş məşqçi komandanın hazırkı durumu və hazırlıq səviyyəsini bəyənəcəkmi?
- Bəyənmədiyi halda texniki və taktiki cəhətdən dəyişikliyə gedib, öz fəlsəfəsini yeridib, sıfırdan başlayacaqmı? Bu halda komandanın onun istədiyi səviyyəyə gəlməsi üçün nə qədər vaxt lazım olacaq?
- Yeni məşqçinin “bu komandanı mən yığmamışam, vaxt lazımdı” kimi əslində haqlı açıqlaması mövsümün startındakı mümkün xal itkilərini rahat qəbul etmək demək olmayacaqmı?
- Kapitanın, həmçinin yeni legionerlərin düşərgəyə gec qoşulmasının fəsadları aradan qaldırılmasına nə qədər vaxt tələb olunacaq?
- Yeni məşqçi kimisə göndərəcəksə, ya da onunla uyğunlaşa bilməyənlər olacaqsa və onlar elə yaxın zamanda getmək istəyəcəklərsə, bu proses necə idarə olunacaq?
- Konfrans Liqasında mümkün uğurlu çıxışı paralel olaraq Premyer-Liqada da davam etdirmək üçün yetərli ehtiyat qüvvə formalaşdırılacaqmı? Formalaşdırılmasa, problem necə həll olunacaq?
- Ehtiyat qüvvəsiz komandanın sentyabr-oktyabr aylarında təbii fiziki enişinin qarşısı necə alınacaq?
- Premyer-Liqada ilk turlardakı mümkün xal itkiləri, həmçinin Konfrans Liqasında mümkün uğursuzluğun yaradacağı mənfi psixoloji durumla bağlı problemlər necə həll olunacaq?

Bu gün, bu dəqiqə üçün,

- Komanda turnirdə hansı plan üzrə hazırlaşır: məhz bu yarışa, yoxsa KL və ya Premyer-Liqaya istiqamət tutaraq?
- KL və PL hədəf götürülübsə, bunun üçün məntiqi olaraq əsas heyət formalaşdırılır, oynadılır, start 11-lik möhkəmləndirilirsə, yeni gələn baş məşqçi burdan kimlərisə bəyənməyib, mexanizmin 3-4 detalını dəyişsə, bütün bu hazırlıq boşa getməyəcəkmi?
- Turnirdəki fiziki yüklənmə zədələrə yol açarsa, yerlərinin doldurulması üçün kimdən məsləhət alınacaq: indiki məşqçilər heyətindən, ya yeni gələnlər gözləniləcək?

Suallar çoxdu.

 

Kənan Məstəliyev, "Rekord.az"