“Neftçi”yə “timsah qardaşından” zərbə?!
- 11 Avq 2021 15:20
- 2041
Azərbaycan çempionu Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün Finlandiyaya yollanıb. Finlandiya təmsilçisi HİK-ə qarşı keçiriləcək oyundan əvvəl hesab heç də bizim üçün əlverişli deyil. UEFA “səfər qolu” prinsipini ləğv etdiyindən Bakıda rəqibiylə 2:2 hesablı heç-heçəyə razılaşan “ağ-qaralar” mütləq qələbə qazanmalıdı. İstənilən hesablı bərabərlik oyunda əlavə vaxtı, bəlkə də penaltiləri qaçılmaz edəcək.
Bildiyiniz kimi, “Neftçi” bu mövsüm avrokubok mübarizəsinə Çempionlar Liqasında başlamışdı, gürcülərin çempionu “Dinamo” birnəfəsə yolumuzdan kənarlaşdırılsa da, Yunanıstan çempionu “Olimpiakos”un qurduğu sədd keçilməz oldu. İndi qarşımızda “HİK aşırımı” var. Onu da keçə bilməsək, “Neftçi”ni Konfrans Liqasında mübarizə gözləyir. Amma razılaşmaq lazımdı ki, Çempionlar Liqasında mübarizəyə başlayıb, ordan qitənin nüfuzuna görə üçüncü dərəcəli klub turniri sayılan bir yarışına yuvarlanmaq heç də yaxşı nəticə sayılmayacaq.
Sözümüzün canı o deyil. Hamıya məlumdu ki, “ağ-qaralar”ın heyəti xeyli kasaddı. Xüsusən də hücum xəttində bu kasadlıq hiss edilir, “xalq komandası”nın “vuran ayağa” ehtiyacının olduğu görünür. Ötən mövsüm və “Dinamo” ilə oyunlarda bu missiyanı Namiq Ələsgərovla Emin Mahmudov öz üzərinə götürdü, çətin məqamlarda onlar “Neftçi” üçün həyati vacib qollar vurdular. Elə bu səbəbdən də Yunanıstandakı oyunda Namiq Ələsgərov ciddi xəsarət alanda hamı onun itkisinin “Neftçi” üçün ciddi hesab edir, Samir Abasovun yaranan boşluğu doldura bilməyəcəyini düşünürdü. “Olimpiakos”la oyunlar”, HİK-lə Bakıdakı qarşılaşma həmin düşüncənin əbəs olmadığını göstərdi.
Artıq Namiq sağalıb, klubun bazasına da baş çəkib. Di gəl ki, nə məşqlərə qatılıb, nə də bu gün Helsinkiyə yollanan heyətdə yer alıb. Səbəb artıq heç kimə sirr deyil. Ələsgərova “Bursaspor”dan təklif var və futbolçu 50 min avro ödəyib, azad agent kimi Türkiyəyə yollanmaq istəyir. Bu isə “Neftçi” rəhbərliyinin ürəyincə deyil. Məsələnin hüquqi tərəfinin necə olduğunu, mənəvi tərəfləri bir kənara qoyuram. Bunu araşdırmaq başqa söhbətin mövzusudu. Məni maraqlandıran bir vaxtlar AFFA ilə Robert Prosineçkinin arasını vuran, xorvatiyalı mütəxəssisi Azərbaycandakı işindən soyudan “yaşıl timsahlar”ın “Neftçi”ni qıcıqlandıran davranışlarıdı. Bəs qardaşlıq hara getdi?
Deyəcəksiz ki, peşəkar futbolda nə qardaşlır? Onda mən sizə xatırladım. 2019-cu ilin yanvarında “Neftçi” ilə “Buraspor” arasında qardaşlıq və starateji əməkdaşlıq müqaviləsi imzalanmışdı. “Bursapor”un bazasında keçirilən imza mərasimində “ağ-qaralar”ın prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev, Superliqa təmsilçisinin prezidenti Əli Ay və vitse-prezident Cem Öztürk iştirak etmişdilər. Mərasimdə çıxış edən “Neftçi”nin prezidenti Kamran Quliyev isə “Bursaspor”dan nümunə götürməli çox şey olduğunu bildirmişdi. Sitat: “Bizim üçün qürürverici bir andır. Belə bir klubda sizlərlə bir yerdə olmaqdan məmnunuq".
Olmaya, “Bursaspor” elitanı tərk edəndən sonra “Neftçi” tərəfi bu qardaşlığı özünə rəva görməyib, münasibətlər soyuyub? Nəsə demək çətindi. Görünən odu ki, “iki qardaş”ın arasında əməlli-başlı soyuq müharibə yaşanır. Təki qan-qadasız ötüşsünlər.