Nenad Laloviç: “Bizim üçün ən vacib olan idmançıların sağlamlığı və rifahıdı”
- 12 Mar 2020 16:40
- 1090
Xəbər verdiyimiz kimi, martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya Təsnifat turniri təxirə salınıb.
Rekord.az xəbər verir ki, daha öncə Asiyada, eləcə də Afrika və Okeaniyada baş tutmalı olan analoji yarışlar da koronavirus təhlükəsi səbəbindən qeyri-müəyyən müddətə təxirə salınmışdı.
Bu üzdən Dünya Güləş Birliyi (UWW) aprelin 30-dan mayın 3-dək Bolqarıstanın paytaxtı Sofiyada keçirilməli olan Dünya Olimpiya Təsnifat turnirini də təxirə salmaq məcburiyyətində qalıb. Məsələ burasındadır ki, qitələrin lisenziya yarışları başa çatdıqdan sonra Sofiyadakı turnir təşkil oluna bilər. Ali qurum Avropa Olimpiya Təsnifat turnirini mayın ortalarında, Dünya Olimpiya Təsnifat turnirini isə iyunun əvvəllərində keçirməyi planlaşdırır.
Məsələylə bağlı UWW-nin prezidenti Nenad Laloviç bunları deyib:
“Biz hökumətin COVİD-19 virusu ilə bağlı reaksiyasını yaxından izləyirik. İdmançılarımızı, məşqçilərimizi və idman azarkeşlərini ən son xəbərlərlə məlumatlandıracağıq. Olimpiadanın iştirakçıları yarışlarda müəyyənləşəcək. Ancaq bütün dünya bu pandemiya ilə mübarizə apararkən səbirli və ayıq olmalıyıq. Bizim üçün ən vacib olan idmançıların sağlamlığı və rifahıdı”.