Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Nicat Abasovun İddiaçılar Turnirinə hazırlığıya bağlı xüsusi proqramın tərtib olunduğunu bildirib.

Rekord.az xəbər verir ki, o, qurumun rəsmi saytına açıqlamasında bunları söyləyib:

"FIDE tərəfindən İddiaçılar Turniri yaranandan Azərbaycan şahmatçıları əksər yarışlarda iştirak edib. Mütəmadi olaraq Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov İddiaçılar Turnirində mübarizə aparıb, hətta qalib gəlməyə yaxın olub. Şəhriyar Berlində qalibiyyətin bir addımlığında olduğu halda ikinci yeri tutdu. Teymur Madrid şəhərindəki turniri üçüncü yerdə başa vurdu. Bu yarışdan sonra Maqnus Karlsen dünya çempionu titulunu qorumaqdan imtina etdi və İddiaçılar Turnirində ilk iki yeri tutan şahmatçılar çempionluq uğrunda mübarizə apardı. 

Bu il növbəti dəfə Azərbaycan şahmatçısı İddiaçılar Turnirində yarışacaq. Nicat Abasov Dünya Kubokundakı çıxışıyla mötəbər turnirdə iştiraka layiq olduğunu göstərdi. Maqnus Karlsen imtina etmədən öncə belə Nicat bu yarışda iştirakı haqq etdiyini düşünürdüm. Yadınızdadırsa Dünya Kubokunda üçüncü yer uğrunda görüşün ilk partiyasında Nicat Fabianoya qalib gəldi, sonradan təzyiqə davam gətirə bilmədi və üçüncü yerin bir addımlığında dayandı. 

Azərbaycan Şahmat Federasiyasıyla birgə hazıqlıq planı tərtib olunub. Bildirmək istəyirəm ki, Nicatın yarışa layiqincə hazırlaşması üçün proqram üzrə bütün işlər görülür”.

Qeyd edək ki, İddiaçılar Turniri aprelin 2-25-i aralığında Kanadanın Toronto şəhərində keçiriləcək.