Niderland Futbol Federasiyası (KNVB) koronavirus pandemiyasına görə yarıda qalan ölkə çempionatı ilə bağlı radikal qərarlara hazırlaşır.

Rekord.az xəbər verir ki, Erediviziya iyunun 30-na qədər bərpa olunmasa, federasiya mövsümü başa çatmış elan etməyi planlaşdırır.

“De Telegraaf” nəşrinin iddiasına görə, belə olan halda yüksək liqanı heç bir komanda tərk etməyəcək. Əvəzində aşağı diviziondan iki komanda elitaya yüksələcək. Belə olan halda növbəti mövsümdə Erediviziya 18 yox, 20 komandanın iştirakı ilə keçiriləcək.

Federasiya rəhbərliyi mövsüm başa çatmadığına görə heç bir komandanı çempion elan etməyəcək. Amma üst pillələrdə qərarlaşan komandaların ölkəni avrokuboklarda təmsil etməsi nəzərdə tutulur.

Qeyd edək ki, Niderland çempionatında 25 oyuna 56 xal toplamış “Ayaks” və “AZ Alkmaar” klubları ilk iki pilləni bölüşürlər. 50 xala malik “Feyenoord” isə üçüncüdü.