Niderlandda AVF-nin rəsmilərinin iştirakı ilə mühüm tədbirlər baş tutub
- 23 Sen 2022 22:05
- 446
Sentyabrın 22-də Niderlandın Arnhem şəhərində
keçirilən Avropa Voleybol Konfederasiyasının
(CEV) XLIII Baş Assambleyasının ardınca 22-23 sentyabr tarixlərində daha bir neçə iclas və görüşlər keçirilib. "Rekord.az" xəbər verir ki, sentyabrın 22-də Balkan Voleybol Assosiasiyasının (BVA) və Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Mehmet Üstündağın və CEV İdarə heyətinin üzvü, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Cəlil Cəfərovun rəhbərliyi ilə assosiasiyaya üzv olan 11 federasiya nümayəndələrinin iştirakı ilə görüş olub.
İclasda BVA-nın fəaliyyəti və vacib olan məsələlər müzakirə edilib. BVA prezidenti Üstündağ iştirakçılara yeni sponsorlar haqqında məlumat verib.
Sentyabrın 23-də Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) iclası keçirilib. EEVZA-ya üzv olan federasiya nümayəndələrinin iştirak etdiyi görüş çərçivəsində quruma prezident seçkiləri də baş tutub.
Səsvermənin nəticəsinə görə Ukrayna Voleybol Federasiyasının prezidenti cənab Mixaylo Melnik seçkidə yeganə namizəd rəqibi olan Azərbaycan Voleybol Federasiyasının baş katibi Fərid Xəlilovu qabaqlayıb. Beləliklə, Melnik Mixaylo seçkidən sonra yenə də EEVZA prezidenti kimi fəaliyyətini davam etdirəcək. Litva Voleybol Federasiyasının prezidenti Çerka Darius və Polşa Voleybol Federasiyasının baş katibi Sek Yaçek EEVZA-nın vitse-prezidentləri kimi fəaliyyət göstərəcəklər. Latviyadan olan xanım İnara Brokane isə daha bir müddətə EEVZA-nın baş katibi vəzifəsində çalışacaq.
Sentyabrın 23-də Beynəlxalq Voleybol Federasiyasına (FIVB) üzv olan 222 yerli federasiyanın nümayəndələrinin iştirakı ilə 38-ci FIVB Konqresinin açılış mərasimi də baş tutub.
Qeyd edək ki, Konqres sentyabrın 25-də yekunlaşacaq.