Növbəti seleksiya məşqləri keçirilib
- 09 Avq 2023 23:50
- 320
Azərbaycan Voleybol Federasiyası 15 yaşadək qızlar arasında seleksiya məşqlərinin növbəti mərhələsini keçirir. "Rekord.az" xəbər verir ki, bu gün federasiyanın idman zalında start götürən seleksiya məşqlərində bir müddət əvvəl Bakı, Sumqayıt və Xırdalandan seçilmiş 2007-2008 və 2009-2010-cu il təvəllüdlü qızlar iştirak ediblər.
Seleksiyanı yeniyetmə və gənclərdən ibarət milli komandaların rəhbəri Şahin Çatma və AVF-nin məşqçiləri aparıblar. Federasiyanın vitse-prezidenti Bəhruz Quliyev də voleybolçulara baxışda iştirak edib. O, uşaqlarla çalışan yerli məşqçilərlə də görüşüb, məşq prosesi ilə maraqlanıb, ölkə voleybolunun inkişafı ilə bağlı müzakirələr aparıblar.
Bakı, Sumqayıt və Xırdalandan olan qızların seleksiya məşqləri sabah da davam edəcək. Bu mərhələdə seçilmiş uşaqlar daha yaxşı forma yığmaq üçün 14-18 avqust tarixlərində “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi”ndə iştirak edəcəklər. Belə düşərgələr hər seleksiya tədbirindən sonra təşkil olunacaq. Bu, AVF-nin uşaq voleybolunun inkişafı istiqamətində nəzərdə tutduğu layihənin bir hissəsidir.
Qeyd edək ki, bölgələrdən seçilmiş uşaqların seleksiya məşqləri zonalar üzrə təşkil olunacaq. Şahin Çatma və mütəxəssislər bölgələrə səfər edəcəklər, müvafiq rayonlarda mərkəzləşdirilmiş sistem üzrə seleksiya məşqlərinin növbəti mərhələsini həyata keçirəcəklər.