Obrigado Juninho!
- 14 Yan 2025 15:16
- 120
Juninyonun "Flamenqo"ya gedişi həm "Qarabağ", həm də Azərbaycan futbolu üçün böyük hadisədi. Hə, yaxşı olardı ki, biz bu qiymətə bu nəhənglikdə kluba yerli oyunçumuzu sataq. Amma ona hələ var. Onun üçün hələ çox işləməli, möhkəm təməl qurmalı, futbol sistemimizi düzəldib təkmilləşdirməliyik.
Hələliksə, Juninyonu danışırıq. Braziliyanın əfsanə klublarından olan "Flamenqo"ya braziliyalı futbolçunu 5 milyon avroya satmaq az, asan iş deyil. Ciddi transferdi. Bəlkə də biz "Qarabağ"da sabah-birisigün Vinisius, Martinelli, Endrik və digərləri ilə birlikdə Braziliya yığmasında çıxış edəcək bir futbolçunu canlı izləmiş, Vətəninə yola salmışıq. Bildiyimə görə, Felipe Luis şəxsi söhbətdə futbolçunu məhz bu perspektivlə "tovlayıb". Yoxsa ağlı başında olan hər kəs seçimini "Sevilya"dan yana edərdi. İstənilən braziliyalı "Selesao"da bir matç belə oynamaq üçün hər şeyini qurban verməyə hazırdı. Bu dəfə də belə olub.
Şübhəsiz, bu yüksəlişdə əsas rol "Qarabağ"ındı. İki il əvvəl "Çaveş"də oynayan, heç kimin tanımadığı Olavio Junioru gətirib Avropa, hətta dünya bazarına çıxarmaq bəlli bir sistemin uğurudu. Juninyo əla oyunçudu, buralara qədər istedadı və çalışqanlığı hesabına gəlib, amma ona bu şansı məhz Ağdam təmsilçisi verib. Sistemə ideal uyğunlaşan futbolçu həm özü, həm də klubu üçün böyük işlər görməyi bacarıb. Nümunə olacaq hadisədi.
Bu transferi əhəmiyyətini hələ xeyli sonralar anlayacağıq. Son 10 gün ərzində Braziliya mətbuatı, sosial mediasını yaxından izləmək imkanım oldu. Hələ Azərbaycan çempionatının, eyni zamanda bir Azərbaycan klubunun adının bu qədər çəkildiyi, bu qədər müzakirə olunub diqqət mərkəzinə gətirildiyi yadıma gəlmir. Hər gün az qala yüzlərlə xəbər, yutubda müzakirələr, süjetlər, verilişlər bir-birini dayanmadan əvəzləyib, əvəzləməkdə də davam edir. Artıq "Qarabağ"a da, Azərbaycana da barmaqarası baxmırlar. Qarşıdakı illərdə bir-iki bunun kimi transfer də gerçəkləşsə, transfer bazarında yerli oyunçularımızın da adlarını sıx-sıx görəcəyik. İlk böyük addım atılıb.
Juninyonun transferinə səbəb olan məqam "Bayer"lə Bakıdakı matçda vurduğu qol, daha doğrusu, qoldan öncəki, qapıçını keçdiyi son toxunuşudu. O toxunuş dünya səviyyəli bir futbolçuya xas toxunuş idi və həlledici rol oynadı. UEFA Avropa Liqasının sosial media səhifələrinin məhz həmin qolu dəfələrlə paylaşması bundan xəbər verirdi. Sürət, klass və rəqibin adı. Juninyo məhz o qolla karyerasının zirvə nöqtəsinə çatmışdı.
Təbii ki, "Qarabağ" bu transferdən həm maddi, həm də nüfuz olaraq qazanacaq, statusunu, adını yüksəldəcək, gələcəkdə heyətini gücləndirmək üçün daha rahat davranmaq imkanı əldə edəcək. Rəhbərlik gətirmək istədikləri istənilən oyunçuya "Juninyo kimi uğur qazana bilərsən" deyərək danışıqlara bir addım öndə başlayacaq. Bu, bazarda ciddi iştirakçı olmaq, ciddi münasibət görmək, daha böyük işlərdə tərəf olmaq baxımından müstəsna xarakter daşıyan amildi.
Bəli, belə bir forvardı itirmək komandanın gücünü azalda, performansına mənfi təsir edə bilər. Ancaq bir şey var ki, "Qarabağ" digərlərindən fərqli olaraq sistem komandasıdı. Hələ Kadi gedəndə "batdılar" deyilən ağdamlılar, məhz ondan sonra tarixlərinin ən böyük uğurlarına imza atdılar, ulduz futbolçunun yoxluğunu unutdurdular. İndi də yerinə yaxşı bir hücumçu alınacağı təqdirdə bu mövsüm çox yaxşı çıxış etməyən Juninyonun yoxluğunu ikinci plana atmaq mümkündü. Yeni gələnin normal forvard olması, əlinə düşən imkanlardan normal yararlana bilməsi yetərlidi. Hə, Olavio komandanın hücum fəaliyyətində xüsusi rol oynayır, həm pressinq prosesində ciddi iştirak edir, həm də əks-hücumlarda effektiv olurdu. İndi bu boşluğu doldurmaq üçün "Qarabağ" rəqib qapısına daha da yaxın oynamalı, pas trafikini artıraraq yüngülvari üslub dəyişikliyinə getməli olacaq. Bu da problem deyil, yeni bir şey də deyil, qısa müddətdə həllini tapa bilər.
Juninyo Azərbaycan gəlmiş ən böyük, ən yaxşı hücumçulardan biri, bəlkə də birincisi idi. Onu izləmək çox xoş idi. Sağ olsun ki, bizə böyük Avropa qələbələri yaşamaq, sevinmək şansı yaratdı, böyük futbolçunun necə olduğunu görmək imkanı qazandıq. Eyni zamanda, səmimi oldu, qalmaqalçı olmadı, hansısa münaqişə və problemlərdə adı çəkilmədi, yaxşı futbol oynadı, peşəkar kimi davrandı, gülərüz və mehriban birisi kimi yadda qaldı. Bir sözlə, müsbət adam idi.
Bizə isə ona karyerasının bundan sonrakı hissəsində də uğurlar arzulamaq qalır. Çox sağ ol və obrigado Juninho!