Odina Əliyeva: "Avropa çempionatında uğurlu nəticə əldə etmək istəyirik"
- 18 Avq 2023 11:06
- 448
Avropa çempionatında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün ilk oyununa çıxacaq. "Rekord.az" xəbər verir ki, komandamızın hücumçusu Odina Əliyeva yarış haqqında fikirlərini bölüşüb:
"Avropa çempionatının final mərhələsində zəif rəqib yoxdur. Aşkar favorit komandalar var, VNL-in qalibi Türkiyə kimi. Digər rəqiblərimizi mütləq məğlub etməliyik. Biz bunu bacara bilərik, komandamıza inanıram. Yaxşı hazırlıq prosesi keçdik. Çox istərdim ki, uğurlu çıxış edək. Özümü ayrılıqda götürdükdə, mənim üçün son Avropa çempionatı olduğunu nəzərə alsaq, istəyirəm ki, hər şeyin ən yaxşısını edək, yaxşı nəticə qazanaq.
İlk olaraq məqsədimiz qrupdan çıxmaqdır, sonra isə mümkün qədər irəli getməkdir. Əlbəttə ki, bütün zədələrə, ağrılara baxmayaraq çox çalışmışıq. Hər bir oyunçumuzun çox əməyi var və istəyirik ki, bu, əvəzsiz qalmasın. Bir idmançıya nə lazımdır, əməyinin, zəhmətinin qarşılığını görmək.
Bu, mənim üçün 6-cı və sonuncu Avropa çempionatıdır. Əlimdən gələni edəcəyəm ki, mənə etdikləri hər şey üçün Azərbaycana təşəkkür əlaməti olaraq daha yaxşı oynayım, qələbələr və uğurlu nəticələr qazanaq, Azərbaycanın bayrağını yüksəklərdə dalğalandıraq. Biz komada olaraq bütün bunları etməyə çalışacağıq".