Olimpiya Çempionları 60 saylı Tam Orta Məktəbin idmançı yetirmələri ilə görüşdü
- 25 Fev 2024 11:11
- 78
Ulu Öndər Heydər Əliyevin bizlərə miras qoyduğu, Cənab prezident İlham Əliyevin davam etdirdiyi idmana və idmançıya qayğı bu gün də yeni nəsil idmançılarına ruh yüksəkliyi verir.
Rekord.az xəbər verir ki, bu siyasəti və diqqəti bütün idman növlərində uğur qazanmış, bayrağımızı dünya arenasında dalğalandırmış, fəxrlərimiz layiqincə davam etdirir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin " İdmansevərlər" layihəsi çərçivəsində məktəblərdə müxtəlif tədbirlər həyata keçirilir. Bu gün Paşa Nəzərov adına 60 saylı Tam Orta Məktəbin idmansevərləri ilə görüşə "Stend atıcılığı" üzrə İkiqat dünya və olimpiya çempionu Zemfira Meftahətdinova, idmanın "Güləş" növü üzrə olimpiya çempionu Namiq Abdullayev gəlmişdi. Qonaqlarımız məktəbin birinci Qarabağ şəhidi Paşa Nəzərov və ikinci Qarabağ şəhidi Rəşad Zeynallının barelyefi qarşısında sayqı duruşu etdilər. Daha sonra istedadlı şagirdlərimizin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.
Məktəbimizin idmanla məşğul olan şagirdləri çempionlarımızı idman zalında alqışlarla qarşıladılar. Direktor əvəzi Günay Cəlilova və müavin Xədicə Əliyeva idman sahəsində nailiyyətləri olan şagirdləri olimpiya çempionlarına bir-bir təqdim etdi. Xatirə şəkilləri çəkdirdilər. Tədbirin bədii hissəsi Himn ilə başlayıb, Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edərək davam etdi. Tədbir şagirdlərin musiqili kompozisiyası ilə daha da yaddaqalan oldu. Sonda məktəbin direktor əvəzi Günay Cəlilova qonaqlara öz təşəkkürünü bildirdi. Tanınmış idmançılarımız ilə belə görüşlərin keçirilməsinin "idmansevərlərimizin" həyatında müsbət rol oynadığını vurğuladı.