Olimpiya mükafatçısı və Azərbaycan çempionu hücuma məruz qaldı - FOTO
- 14 İyl 2022 10:58
- 498
ABŞ-ın qadınlardan ibarət millisinin və Azərbaycanın "Rabitə" klubunun sabiq voleybolçusu Kimberli Qlass döyülüb. "Rekrod.az" xəbər verir ki, 38 yaşlı hücumçu Los-Ancelesdə səfil həyatı yaşayan bir nəfərin hücumuna məruz qalıb.
Hadisə şəhərin mərkəzində baş verib. Voleybolçu rəfiqəsiylə kafədən çıxarkən bomj oğurluq məqsədilə ona hücum edib və əlindəki metal boru ilə üz nahiyəsinə ağır xəsarətlər yetirib. Hücum nəticəsində Qlassın üz sümükləri sınıb.
Voleybolçuya hücum edən 51 yaşlı bomju ətrafdakı insanlar zərərsizləşdiriblər. Daha sonra həmin şəxs polis tərəfindən saxlanılıb.
Kimberli özü hadisəni belə şərh edib: "Bir kişi mənə tərəf qaçdı, əlində nəsə vardı. O, mənə nifrətlə baxırdı. Rəfiqəmə bu barədə deməyə macal tapmadan üzümə boru ilə zərbə dəydi.
Bu, çox tez baş verdi. O, sözün əsl mənasında borunu üzümə vurdu. İndi küçələrdə o qədər ruhi xəstələr var ki. Qorxmaq lazım deyil, uşaqlar, sadəcə diqqətli olun".
Qeyd edək ki, kimberli Qlass 2010-2012-ci illərdə Bakının "Rabitə" klubunun şərəfini qoruyub. O, "Rabitə"ylə ikiqat Azərbaycan çempionu olmaqla yanaşı, Klublararası Dünya Çempionatında qızıl medal qazanıb. Qlass ABŞ millisinin heyətində Pekin olimpiadasının gümüş medalına sahib çıxıb.