Olimpiya mükafatçısından səmimi etiraflar: “Anam, atam, bacım, qardaşlarım, üstəlik öz ailəm, bir sözlə hamımız iki otaqlı evdə kirayə qalırdıq”
- 04 Sen 2020 10:10
- 1495
Uzun müddət idi ki, Afina olimpiadasının bürünc mükafatçısı, boksçu Fuad Aslanovla danışmağı planlaşdırırdım. Mənə elə gəlir ki, onun qəhrəmanlığı kölgədə qalıb. Doğrudur, son Olimpiadada 18 medal qazandığımızdan “bürünc”lər, xüsusilə də əvvəlkilər kölgəyə çəkilə bilər, amma onun zamanında durum indiki kimi deyildi. Aslanov idmançıların istər şəxsi həyatı, istər hazırlıq şəraiti, istərsə də komandanın vəziyyəti nəzərə alındıqda əsl qəhrəmanlıq göstərmişdi. Cüdo ilə məşğul olduğum zaman bəxtdən son Azərbaycan çempionatından qabaq, sonuncu cəhdini etdiyini, hər şeyini bu yarışa bağladığını demişdi. Yadına salmağa çalışsam da, xatırlamaması normal idi. O gündən sonra bu adam nələr yaşamamışdı ki?
- O zaman gənc idim. Amma idman üçün 27-28 yaş artıq yaşlı sayılır. Bəlkə də məşqçim də məni belə görürdü deyə elə demişdim. Bilsəydim, yenə də vuruşmaq olardı. İdmançı həssas olur. Bəzi məqamlar oldu ki, küsdüm. Məncə uzaqlaşmalı deyildim boksdan. Yaxşı formada idim. Bilirsiz ki, mən 4 il müddətinə boksdan ayrı düşmüşdüm. İşləyib ata-anama kömək elədim ki, onlar borclarını ödəsinlər, yaxşı yaşasınlar. İdman ustasıydım, dəfələrlə Azərbaycan çempionu idim. 11 dəfə ölkə çempionatında ən güclü olmuşdum: 2 yeniyetmə, 2 gənclər, 7 dəfə də böyüklər arasında. MDB ölkələrinin də qalibi oldum. Cavan, yaxşı vaxtlarımda idmanı atdım, uzaqlaşdım. Əsgərliyi MOİK-də keçirdim və burada hərbçilər arasında qalib oldum. Həvəs gəldi, sanki yemək vaxtı iştah kimi. Özümə dedim ki, bu qədər aradan sonra mənə qalib gələ bilmirlərsə, davam etməyə dəyər. Sonra 2003 və 2004-cü illərdə də ölkə çempionu oldum. Düzü, çarəm də yox idi. Başqa şey bacarmırdım. Bir az biznesə baş qoşmuşdum, onu da alındıra bilmədim. Sağ olsunlar, dostlarım, tanışlarım məni həvəsləndirməyə başladılar. İsveçin Höteborq şəhərindən ən axırıncı lisenziyanı da mən gətirdim. 9 nəfər lisenziya qazanmışdı, hamıya "stavka" edirdilər. Məndən isə əllərini üzmüşdülər. Deyirdilər ki, yaşlıdır. Həm də ara vermişdim deyə, ümumiyyətlə inanmırdılar. Allaha şükür ki, 2 medaldan biri mənim oldu. Digəri Ağasi idi. Bunun bir dəyərləndirməsi var mənim üçün. İnsan həyatda zəhmətsiz heç nəyə nail ola bilməz. Mən çox zəhmətkeş adam olmuşam. Elə indi də eləyəm, bir yerdə dayanan deyiləm. İndi də rəhbəri olduğum 1 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbi Sumqayıtda ən böyük məktəbdi. Burada 14 növ tədris olunur. 2018/2019-cu tədris ilində ölkədəki 100-ə yaxın şahmat-idman məktəbi arasında beynəlxalq arenada da ən yüksək göstərici Avropa çempionatları və dünya kuboklarında 14 medal olmaqla bizim məktəbə məxsusdur.
- Əksər idmançılar olimpiya medalını özü üçün pik nöqtə kimi görür. Siz bunu qazanan azsaylı idmançılardan olmağı bacardınız. Özü də çox çətin bir məqamda. Uğurun əsas səbəbi nə idi?
- Bütün işlər kimi idman da zəhmət tələb edir. Məndə həm də güclü hissiyat var. Üç, hətta 5 il sonranı belə beynimdə görə bilirəm. Düşünürəm ki, mən 3 ilə bunu edib filan məqama çatmalıyam. Öz həyatımın cizgilərini gözümün qarşısında da belə cızıram. Zəhmət insanın onurğa sütunu kimidi. Olmasa balans pozulacaq.
- Dəfələrlə rastlaşmışam ki, idmançılar analiz edəndə deyir ki, filan yarışda siftədən filankəslə düşməsəm qalanı asandı finalda onu rahat udaram və s. Belə bir qorxunuz var idi olimpiadadan öncə?
- (gülür) Bizdə son seçmələrin edildiyi Azərbaycan çempionatı dekabrda keçirildi. Yanvarda isə Avropa çempionatına qatıldıq. Təsəvvür edin 4 il ara vermişəm və qitədə 51 kq-da heç kimi tanımıram, eləcə də onlar məni. Bir döyüş uddum, ikincidə uduzdum. Həmin polşalını sonra Olimpiadada məğlub etdim. Avropada 1/4 finalda məğlub olmuşdum. Soyuqlamışdım, nə etmək istədiyimi, onun nə edəcəyini də planlaşdırırdım, görürdüm amma qarşılıq verməkdə gecikirdim. Sonra oturdum izlədim və onların əksəriyyəti sonrakı turnirdə mənimlə qarşılaşdılar. Onların arasında ən güclüsü olimpiadada yarımfinalda məni məğlub edən fransız idi. Onunla da Pekində başabaş mübarizə getdi. İkinci, üçüncü raundda mən üstün oldum. Ancaq o dördüncü raundda artırdı və sağ gözümdən zərbə aldım, kipriyim qatlandı və demək olar bir gözlə vuruşmalı oldum. O da bunu sezdi və döyüşü o yöndə qurdu. Cüzi fərqlə döyüşü qalib başa vurdu. Avropada bu idmançıları kənardan izləyəndə komanda yoldaşlarıma da dedim ki, mən onları udaram. Bir ay sonra lisenziya xarakterli yarışa getdim və dərhal da dünya ikincisi ilə qarşılaşdım. 9:6 qalib gəldim. Baş məşqçimiz Məmməd Eyvazov da sevincək halda “Fuad, sən özünə gəlmisən” deyirdi. Ardından dünya üçüncüsünü də uddum. Qismətdən Avropada uduzduğum polşalı idmançı ilə olimpiadada 1/4 finalda rastlaşdım. Çox sevinirdim ki, qisasımı alacam. Şükür ki, uddum. Yarımfinalda isə fransız Tomas isə artıq dünya çempionu və olimpiya üçüncüsü idi. Uduzsam da, medal qazandığım üçün qürurlu idim. 14 illik əziyyətim boşa getməmişdi. Komandamızda da uduzan çox idi. Şahin İmranovun ağır zədəsi, Rövşən Hüseynov, Ruslan Xairovun 1/4 finalda məğlubiyyətləri çox üzmüşdü. Ağasi kimi mənim də komandanı sevindirməyim xoş mənzərə idi.
- Xüsusən o dönəmlərdə tək nəticə ilə deyildi, mükafat baxımındanda idmançılarımız olimpiadaya zirvə kimi baxırdı. Sanki həyatda hər şey o mükafatdan sonra başqa axarla gedirdi. Və arzulayanda o dəyişikliyi yaşamaq istəyi də güc, həm də təzyiq verirdi.
- Deməli, belə bir hadisəni danışım. Olimpiya oyunlarının bağlanış mərasimindən gəlib Şahin İmranovla balkonda oturmuşuq. Dedi ki, “Fuad, deyəsən, sən nə etdiyini, nəyə nail olduğunu hiss etmirsən. Çox sadə yanaşırsan. Sevincdən uçmağın lazımdı”. Nə bilim, çox sakit yanaşırdım nəticəmə. Bir də o var ki, mən heç vaxt burnumu yuxarı qaldıran adam olmamışam. Qonşularım, federasiyalarımız, bütün idmançılarımız - hər kəs bilir. Sadəcə, böyüklərimin tərbiyəsi belə olub. Amma bu nəticə həm də həyatımı dəyişdi deyə bilərəm. Evimiz yox idi, çox pis vəziyyətdə yaşayırdım. Ailəli idim, bir oğlum var idi. Ana, ata, bacı, qardaşlar, bir sözlə hamımız iki otaqlı evdə kirayə qalırdıq. Allah ondan razı olsun, cənab Prezident mənə Bakıda ev bağışladı. Şəhərin ozamankı icra hakimi Vaqif Əliyev hazırda yaşadığım üçotaqlı evi bağışladı. Dövlətin ayırdığı mükafatdan atam-anam üçün də ev aldım. Maşın da aldım, onların şəraitini də düzəltdim. İndi o çətinliklər yoxdu, normal insan necə yaşamalıdısa, onu yaşayırıq. Yəqin ata-anamın əziyyətinin haqqı idi ki, onlara da kömək oldu, pis vəziyyətdən uzaqlaşdıq.
- Birdən o medal olmasaydı, bu vəziyyətdə yaşayan idmançı sonra nə edəcəyini heç fikirləşmişdimi?
- Bir şeyi danışım. Deməli, həmin vaxtı beynəlxalq turnirlərdə hər döyüşü udanda, federasiya prezidenti Ağacan Abiyev həvəsləndirici kimi 100 dollar mükafat verirdi. O qədər kasıb idim ki, var gücümlə çalışırdım ki, kənarlaşmayım, bacardığım qədər udum, heç olmasa 100-200 dollar pul qazanım. Dövlət tərəfindən nə mükafat verirdilərsə, sıxıb-saxlayırdım, əynimə köynək almırdım. Almırdım ki, icra başçısı Vaqif müəllimdən xahiş edəcəm ki, mənə torpaq versin, gedim orda ev tikim başımın üstündə damım olsun. 5-6 min pul yığmışdım, istəyirdim daxma tikim, o pula başqa şey mümkün deyildi. Qurban olum Allaha mənə iki ev verildi. Mən həmişə idmançılara da demişəm, ata-ana haqqı itmir. Mən onların borcunu qaytarmaq üçün boksu atdım, kömək etdim, xəstəliklərini müalicə etdirdim. Nə kömək elədimsə, Allah mənə qarşılığında uğur qismət elədi. Qoy bilsinlər ki, valideynlərinə yaxşı baxacaqsansa, Allah səni arzuna çatdıracaq.
- Olimpiada həyəcanı deyilən bir məfhumu hamı işlədir, sizdə var idimi belə bir şey?
- İndi də dostlarımla müzakirə edirik, deyirlər səndə həyəcan yox idi. Mən 11 dəfə Azərbaycan çempionu olmuşam. Onda da sanki ölkə çempionatına çıxırmış kimi hiss edirdim. Hətta prezident gələcək deyiləndə belə mən bunu həyəcana yox, fəxrə çevirirdim,daha da ruhlanırdım. O insanın özü, ailəsi qarşısında döyüşmək daha da böyük zövq idi. Bu xüsusiyyətim bugünkü həyatımda da kömək olur. Hansısa hadisə baş verəndə daha sakit davranmağı bacarıram.
- 27 yaşlı biri üçün 51 kq-da döyüşmək işgəncəyə bərabər olmalı idi…
- (gülür) Çox çətin idi. Mən yeniyetmələrdə ilk dəfə çempion olanda 50 kq idim. 14 ildən sonra da böyüklər arasında qalib gələndə 51 kq çəkim var idi. Cəmi bir dəfə 54-də birincilik yaşamışam. Çox çətin idi. Normal yediyimi xatırlamıram (gülür). Böyük çəkilərə həmişə həsəd aparırdıq. Bir dəfə lisenziya xarakterli turnirdə axşam məşqçimiz Rasim Məmmədovun nəzarəti altında tərəziyə çıxdım düz gəldim. Amma bilirdim ki, ağzımı krantın altında tez-tez yaxalayırdım. Dərim o qədər quru olub ki, həmin su dəriyə hopmuşdu və çəkim qalxmışdı. Səhər oyananda gördüm ki, 600 qram artığım var və çox kövrəldim, bildirdim ki, döyüşməyəcəm. Rasim müəllim dedi ki, dur geyin get çəki salmağa. Etiraz etdim. Qayıtdı ki, bəs istəyirsən Ağacan müəllim (o zaman ABF-nin prezidenti - red.) bizi söysün? O söz mənə yer elədi. Durdum ayağa ki, kimsə gəlib məni təhqir etməsin. Əynimi geyindim, qaçdım. Həmin yarışda da lisenziya aldım.
- Həmin dönəmi Azərbaycan boksunun qızıl heyəti adlandıranlar çoxdu.
- Bilirsiz, həmin komandada olmaq özü böyük fəxr idi. Məmməd Eyvazov uzun illər millidə işləmişdi. Onun şəxsi tələbəsi Malik Ağayev Türkiyənin adından dünya çempionu, olimpiya oyunlarının ikincisi olub. Əvvəllər SSRİ çempionatının qalibi adını qazanıb. Yəni Məmməd müəllim bizi yaxşı hazırladı. Afinaya 9 lisenziya qazanmışdıq. Kiçik nəticə deyildi. Hamımız ilk mərhələni adladıq. İkinci döyüşdə Cavid Tağıyevlə Əli İsmayılov dayandı. 7 nəfər davam edirdi. Bunlar da yaxşı məşqlərlə əlaqəli idi. Hərdən deyinirdik ki, bu bizdən nə istəyir, öldürəcək bizi? Zülm verirdi məşqlərdə. O qədər ağır məşqlər keçirdi ki, Türkiyədə təlim-məşq toplanışında olanda qaçmaqdan ayağımın qalın hissəsində 2 sm-lik dəri qopdu. Hamı deyinirdi ki, biz atlet olacağıq, bu neynir bizi bu qədər qaçırıb? Onun bəhrəsini Olimpiadada gördük. Həddindən artıq köməyi dəydi. Hamı bizə baxırdı ki, bu nə ölkədi ki, birinci döyüşdə bütün üzvləri qələbə qazanıb.
- O zaman Ağasiyə təklif olmuş və Türkiyəni seçmişdi. Siz necə, təklif almışdız?
- 96-cı ildə Sumqayıtda bir nəfər var idi. Məni Ukraynaya apardı və Donetsk ərazisində bir nömrə oldum. Mazaro Makay kimi boksçuya qalib gəldim. Sparrinqlərdən uduzmadım. Düzü, təklif almamışam. Etiraf edim ki, heç yerə getmək də istəməmişəm. Qələbəmi, bacardıqlarımı ölkəmə vermək istəyirdim. Arzum özümüzkülərlə işləmək idi. Məndən sonra da kim gələcəkdisə, ona ötürmək istəyirdim.
- Uşaqlıq mühitinin idmana çox kömək olduğunu deyirlər. Sumqayıt şəhərində yaşamağınız bu baxımdan sizə kömək edib?
- 4-cü sinifə qədər əla oxumuşam. Əmim mühəndis idi. Nə vaxt görürdüsə, riyazi suallar, məsələlər verirdi və qısa zamanda da edirdim. Mənə deyirdilər ki, Fuad bacarıqlıdı. Amma mən həm də sürətli idim. Bir yerdə durmağı sevməzdim. İndi qardaşım oğlu Səid mənə oxşayır. Enerjim çox idi. Nadir adlı qonşumuz var idi. Gənclər arasında Azərbaycan çempionu idi. Məni 9-cu mərtəbəli binanın pilləkənlərində bir təkanla bütün pilləkəni tullanıb keçdiyimi görmüşdü. Elə oldu ki, məni boksa yazdırdılar. Sonradan uşaq olaraq geyim və rəngli əlcəklər məni sonadək özünə bağladı.
- Ailədə davamçınızın olmağını siz də istəmirsiz?
- Bu mənim istəyimlə deyil. Bir ara yadımdadı ki, 9-cu sinifdə oxuyanda maşın ustası - çilingər işləmək istəyirdim. Anam atama dedi ki, onu başa sal ki, o Azərbaycan çempionudu. Gedər girər Bədən Tərbiyəsi və İdman Akademiyasını oxuyar, müəllim işləyər. Bu baxışla təhsilimə davam elədim. Bir oğlum var, onda boksçu həvəsi görmədim. Qardaşım oğlu Səiddə özümdə olan enerjini var. Futbolla məşğul olur. Boksa gətirmək istəyirəm. Atası da - mənim qardaşım Rüfət Aslanov 95-ci ildə Avropa mükafatçısı olub. O vaxt o da eyni yolu keçmişdi. Boylu-buxunlu idi. Məşqçim görmüşdü mənə onu boksa gətirməyi məsləhət etmişdi. Yolunu dəyişdim gətirdim boksa. Evdə də deyirdi ki, qoymadın məni futbolçu olum. Cavab verdim ki, futbolda gedib Avropa mükafatçısı ola biləcəkdin? Heç olmasa burda oldun. İndi də oğlunu qoymur gəlməyə (gülür). Amma çox istərdim ki, ailəmizdə bir boksçu davam eləsin.
- Niyə məhz hakimliyi seçdiz? Dolanışıq, yoxsa boksun içində qalmaq üçün bu addımı atdız?
- Səmimi cavab verəcəm. Gördüm ki, məndən öncə Avropa çempionatının və dünya kubokunun mükafatçısı Rövşən Hüseynov hakimlik edir. Xoşuma gəldi. O dövrdə də hakimlərimiz az idi. Bu günədək də həmişə ədalətli, sevə-sevə işləmişəm. Məni də ortaya çıxaranlar hakimlərdi. Hakimlik kiçik iş. Yaxşı uşaqları ortaya çıxaranlar məşqçiləri qədər də hakimlərdi. Respublika içərisində yüzlərlə məşqçi var. Onların ən yaxşı uşağını ortaya çıxaran hakimdir. Mən də ona söykəndim. Avropa oyunları, olimpiya oyunlarının hakimi olmuşam. WSB-nin finalında 5 hakim var idi və yeganə azərbaycanlı mən idim 2018-ci ildə. Ən yaxşı hakim kimi 4 böyük yarışda təltif olunmuşam.
- Dediniz ki, 4 il idmanı atdım. Olubmu ki, o dönəmdə qolunuzun gücündən istifadə edəsiz?
- Niyə omur ki? Kişiyik də (gülür). Boyumun balaca olması problem idi. Ucaboylular həmişə qabağındakını sanki psixloloji olaraq daha da balacalaşdırmaq istəyir. Mən də belə şeyləri götürən olmamışam. Biri məni qızışdırdı. Ömrüm boyu “lapa”ya, kisəyə zərbə vurmuşam. Təbii ki, mənim vurduğum zərbə ağır olmalı idi. Balacalığımı dəqiqliyim və gücümlə ört-basdır etməli idim. Axırda da bu bəs elədi. O həm məndən böyük, həm də cüssəli idi. Üstümə gəlirdi ki, məni əzsin. Qorunmaq üçün düşündüm ki, iki zərbə vuracam, sonra da tutacam və bu qədər. Alınmasa, o məni döyəcək. Birinci zərbə çənəsinə dəydi, ikinci boş çıxdı. Amma o artıq yıxılmışdı. Sonra ona kömək elədik. Bir müddət sonra dostlaşdıq. Biznesdən qaynaqlanırdı.
Bir dəfə də qonşulardan biri həm yaşca, həm də cüssəcə böyük idi. Dalaşdıq bir zərbəyə dişi düşdü, çənəsi də sındı. Birinci kursda oxuyurdum onda. Sonralar üzünə baxa bilmirdim.
- Olubmu ki, hansısa addımı vaxtında atmadığınıza görə peşmançılıq hissi keçirmisiz?
- Həmişə fikirləşirəm ki, kaş o vaxt atamın-anamın vəziyyəti yaxşı olardı və o 4 il fasiləni verməzdim. Bilirsiz ki, ölkədə ən yaxşı məşqçilərdən biri Rövşən Hüseynovla Əli İsmayılovun məşqçisi Rauf Cabbarov olub. Öz dəst-xətti var. Dünya birinciliyində iki döyüş udmuşdum tam üstünlüklə, üçüncü döyüşdə 8:1 rumın boksçunu udurdum, iki dəfə də noqdaun eləmişdim. Hakimlər ədalətsizlik edib döyüşü ona verdilər. O kişi onda mənim boynumu qucaqladı və öpüb soruşdu ki, oğlum dünya çempionu olmaq istəyirsən. Gözlərimi qırpıb “hə” işarəsini verdim. Dedi gəl, “Dinamo” klubunun adından döyüş, mən səni dünya çempionu edəcəm. O zaman o aranı verməsəydim, əminəm ki, Avropanın da, dünyanın da qızılını karyerama daxil edəcəkdim.
- Olimpiya mükafatçısı fərqliliyini hiss edirdinizmi sonradan?
- Onu indi də hiss edirəm. Ali baş komandan həm də Olimpiya Komitəsinin prezidentidir. Biz bununla fəxr edirik, o insanın üzərimizdə böyük əməyi var. İnanılmaz işlər görür. Azərbaycanın idman ölkəsinə çevrilməsi də bunun bariz nümunəsidir. İdmançılara da, iş yoldaşlarıma da deyirəm ki, prezident o adamın əlini sıxır, tərbik edirsə, bu artıq uğurdur. Deməli siz 10 milyon sakinin içindən seçilmişlərsiz. Bununla öyünüb yoldan çıxmaq, özündənrazı olmaq da lazım deyil. İndi də fəxrlə həmin fotolarıma baxıram, qürur duyuram. Bu gələcək işlərim üçün də mənə böyük təkandır.
Sənan Abdullayev