İki gündən sonra “Qarabağ”ı qonaq edəcək “Olimpiya” bizə tanışdı. Bir dəfə bu komandanı elə həmin “köhlən atlar” ÇL-in təsnifat mərhələsində üstələyə bilmişdilər (uzun illər öncə “Şəfa” da sloveniyalıları sınağa çəkmiş, amma məğlub olmuşdu). Ovaxtkı “Olimpiya” da fərqli üslubda oynayırdı. Zaman keçib, vəziyyət dəyişib. Bizə rəqibin bugünkü durumu lazımdı: kimdilər, necə oynayırlar, üstün və zəif tərəfləri nədi?

 

Əvvəlcədən yaxşı bir məqamı qeyd edim ki, onların da öz “Şahruddin”ləri var. Düzdü, bizim korifey, ornitoloq, analoqu olmayan qolkiperimizə çata bilməz, amma kobud səhvləri də az deyil. Əla seyvləri var, bəzən çox yaxşı, hətta deyərdim super toplar çıxarır, amma adi epizodlarda səhvə yol vermək, sadə toplarda yumşaq desək, xilas edə bilməmək “bacarığı” var. Bu, yaxşı xəbərdi.

 

Oyun planına gəlincə, əksər hallarda 4-3-3-ə çevrilən 4-4-2 sxemiylə oynayırlar. Cinahları çox yaxşıdı, burada sürətli oyunçulara malikdilər. Çox da qeyri-adi oynamırlar: cinah keçidləri, ardınca asmalar. Alınacaqsa, başla vuracaqlar, alınmayacaqsa, dönən topa yerində pressinq edib, almağa çalışacaqlar. Heyətdəki texnikalı futbolçuların da potensialından yararlanaraq, təkbətək mübarizələrdə üstün ola bilirlər. Standart vəziyyətlər də üstün tərəflərindəndi. Qorxulu tərəfləri odu ki, nə bu vəziyyətlərdə, nə də digər real imkanlar zamanı bağışlamırlar, qol vurmağı bacarırlar.

 

Amma ideal da deyillər. Məsələn, cinahlarda hücum potensialları böyük olsa da, məhz həmin mövqeləri çox halda boş buraxır, o nöqtələrdən xeyli hücum “yeyirlər”. Ümumilikdə müdafiə xətlərini etibarlı saymaq olmaz. Komanda olaraq belə demək olarsa, hurreylə hücuma gedib, hurreylə də geri qayıdırlar. Müdafiəni öndə quran, arxaya oturmayaraq rəqibini mərkəzdə, hətta ondan da öndə qarşılayan komandalara qarşı gücsüz görünürlər. Bu baxımdan “Olimpiya” “Qarabağ” üçün ideal rəqibdi. Qurban Qurbanovun yetirmələri müdafiəyə oturmur, gücləri yetdiyi qədər pressinq edir, intensiv futbolla topu qazanaraq məsələni orda həll edirlər.

 

Necə oynamalı? Sloveniyalılara “baş qoşub” qarşılıqlı hücumlarla “kim çox vurar” oyununa aldanmaq olmaz. Bəli, pressinq eləmək olar, amma bunu başıalovlu etmək səhv olardı. Təmkinli olmaq gərəkdi. Çox da alimlik etməyim, sadəcə deyim ki, “Qarabağ” öz, öyrəşdiyimiz futbolunu oynasa, “Olimpiya” keçiləcək, buna şübhəm yoxdu. Uzaqdan zərbələri sınamaq da pis olmaz. Patrik Andrade, Marko Yankoviç, lap elə Leandro Andrade də imkan düşdükcə, rəqib qolkiperin möhkəmliyini yoxlaya bilərlər.

 

Kənan Məstəliyev