Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan iki görüşlə Yüksək Liqada IV dövrə start götürüb.

X turun ilk matçında “Azərreyl” və “Murov” komandaları üz-üzə gəliblər. Tay-brekə kimi davam edən oyunun ilk hissəsində 25:18 hesabı ilə “Azərreyl” qalib gəlib. İkinci setdə toparlanan “Murov” 25:23 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib - 1:1. III set isə “Azərreyl”in xeyrinə sona çatıb - 25:18. Matçın dördüncü hissəsini “Murov” 25:22 hesabı ilə aktivinə yazdırsa da, həlledici setdə “Azərreyl” daha dəqiq oynayaraq qalib gəlib (15:10) və görüşün hesabını rəsmiləşdirib - 3:2. 

Turun son qarşılaşması “Abşeron” və "UNEC" komandaları arasında olub. Bu görüşün qalibi 3 setdə müəyyənləşib. Turnir cədvəlində üçüncü olan Famil Ağayevin  komandası bu matçda 25:21, 25:23, 25:10  hesabı ilə qalib gələrək aktivinə 3 xal yazdırıb və ikinci pilləyə yüksəlib.

Beləliklə, X turdan sonra “Azərreyl” 25 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Abşeron”un 18, “Murov”un 17 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan "UNEC"in isə xalı yoxdur.

Yüksək Liqa 

X tur

   “Azərreyl” - “Murov” 3:2 (25:18, 23:25, 25:18, 22:25, 15:10)
   “Abşeron” - "UNEC" 3:0 (25:21, 25:23, 25:10)