Ölkə birinciliyində qaliblər bəlli oldu
- 30 İyl 2022 13:39
- 487
Azərbaycan Voleybol Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çimərlik voleybolu üzrə açıq ölkə çempionatı başa çatıb. "Rekord.az" xəbər verir ki, Su İdmanı Sarayının meydançasında 2 gün davam edən yarışda 12 qadın, 16 kişi cütlüyü mübarizə aparıb.
Çempionatın ikinci günü daha gərgin oyunlarla yadda qalıb. Maraqlı keçən görüşlərdən sonra qadınların yarışında finalda “Xəzri” (Yuliya Jernova/Alina Aslan) “Abşeron”u (Nərminə Musayeva/Fidan Əhmədxanova) 2:0 hesabı ilə məğlub edərək qalib adına yiyələnib.
Kişilərin yarışında isə həlledici görüş “Xızı” (Vadim Kutukov/Asif Əliyev) və “Neftçi” (Ülvi Rəcəbov/Heydər Məmmədli) arasında olub. Matç 2:0 hesabı ilə birincilərin xeyrinə yekunlaşıb.
Çempionatda qadınların yarışında “Azərreyl” (Sənubər Ələsgərova/Asiad Abuyeva), kişilərin mübarizəsində isə “Rabitə Bakı” (Heydər Həsənov/Əli Fərəcov) üçüncü yeri tutub.
Yarış bitdikdən sonra qaliblərin mükafatlandırma mərasimi olub. Mərasimdə Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Su İdmanı Sarayının direktoru Zaur Yaqubov, Azərbaycan Voleybol Federasiyasının baş katibi Fərid Xəlilov, AVF-nin baş koordinatoru Zöhrab Gözəlbəyli və “Smart sport” şirkətinin direktoru Orxan Şahverdiyev iştirak ediblər.
Açıq Azərbaycan çempionatının qaliblərinə medal, diplom və yarışın sponsorları “LENOVO”, “Division”, “G-Shock”, “Smart Sport”, “Azergold”, “Sirab” və “ElektroPark” tərəfindən pul mükafatı verilib.