Ölkə çempionatı ilə bağlı görüş keçirilib
- 30 Sen 2022 12:07
- 442
Voleybol üzrə 2022/2023-cü il mövsümündə ölkəmizdə keçiriləcək yarış və turnirlərdə iştirak edəcək komandaların nümayəndələri ilə iclas keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasında (AVF) təşkil olunan görüşdə qurumun vitse-prezidenti Əbülfəz Hüseynov, federasiyanın baş katibi Fərid Xəlilov və baş koordinator Zöhrab Gözəlbəyli öncə onlara yeni mövsümdə uğurlar arzu ediblər.
Hüseynov iclas iştirakçılarına görüş haqqında məlumat verdikdən sonra xatırladıb ki, yeni mövsümdə iki klubumuz Çağırış kubokunda iştirak edəcək. Onların bu yarışda uğurlu çıxışı üçün hamı çalışmalıdır.
Baş katib və baş koordinator qeyd edib ki, ölkə çempionatına noyabrda start verilməsi planlaşdırılır. Yarışın dəqiq başlama vaxtı isə daha çox iştirakçı komandalardan asılı olacaq. Çünki çempionatda çıxış etmək istəyən daha bir neçə klub var ki, onların yarışlarda iştirakı sual altındadır. Federasiya rəsmiləri bütün bu problemləri nəzərə alaraq yarışda iştirak edəcək komandaların müvafiq sənədlərinin oktyabrın sonunadək AVF-yə təqdim olunmasını vacibliyini diqqətə çatdırıblar.
Sonda görüşdə iştirak edən klub rəhbərləri komandaların hazırkı vəziyyəti haqqında, məşqçilər isə oyunçular və məşqlərlə bağlı məlumatlar verib, onları maraqlandıran suallara cavab alıblar.
Görüşdə 4 qadın - “Azərreyl”, “Murov”, “Abşeron”, UNEC, və eyni sayda kişi - “Murov”, “Neftçi”, MOİK, “Xarıbülbül” klublarının nümayəndələri iştirak ediblər.