Ölkə çempionatında 3-cü dövrə start götürdü
- 13 Fev 2023 20:55
- 403
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqada bu gün baş tutan iki görüşlə III dövrəyə start verilib.
Günün ilk görüşündə “Azərreyl” “Murov”la üz-üzə gəlib. Matç “Azərreyl”in üstünlüyü ilə başlayıb. İlk setdə 25:22 hesabı ilə qalib gələn Eldar Yusubovun komandası sonrakı hissələri də aktivinə yazıb - 25:20, 25:18. Yekun nəticədə “Azərreyl” növbəti 3 xalını 3:0 hesablı qələbə ilə əldə edib.
Voleybol Mərkəzində təşkil olunan VII turun növbəti matçı UNEC və “Abşeron” komandaları arasında olub. Bu görüşdə də qalib 3 setdə müəyyənləşib. Famil Ağayevin yetirmələri bu matçdan asan qələbə ilə ayrılıblar. “Abşeron” ilk hissəni 25:10, sonrakı setləri isə 25:05 və 25:07 hesabları ilə qazanıb.
VII turdan sonra “Azərreyl” 17 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Abşeron”un 15, “Murov”un 10 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.
Yüksək Liqa
VII tur
“Azərreyl” - “Murov” 3:0 (25:22, 25:20, 25:18)
“Abşeron” - UNEC 3:0 (25:10, 25:05, 25:07)