Ölkə çempionatında II dövrəyə start verildi
- 18 Fev 2022 10:41
- 491
Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqasının II dövrəsinin ilk turunda iki görüş baş tutub.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan tura “Neftçi” - “Murov” qarşılaşması ilə start verilib.
I dövrədə “Murov” klubuna qalib gələn “Neftçi” ikinci görüşdən məğlub ayrılıb. Tay-brekə kimi davam edən qarşılaşmada iki hissəni 25:23 və 29:27 hesabı ilə aktivinə yazan Pərviz Səmədovun komandası yekunda uduzub. “Murov” əzmkar oyun sayəsində növbəti 3 hissədə rəqibindən səhvsiz oynayaraq meydandan qalib ayrılıb - 3:2 (23:25, 27:29, 25:15, 25:23, 15:10).
Günün ikinci qarşılaşması MOİK və “Sərhədçi” komandaları arasında olub. Görüş MOİK-in 25:21 hesablı üstünlüyü ilə başlasa da, ikinci hissədə Qüdrət Məlikovun komandası 25:23 hesabı ilə qalib gəlib. Üçüncü və dördüncü setlərdə isə yenidən MOİK 25:12 və 25:18 hesabı ilə qələbə qazanıb – 3:1.
II dövrənin ilk turundan sonra MOİK 12 xalla turnir cədvəlində vahid liderliyə yüksəlib. “Murov” 11 xalla ikinci, onlardan 1 xal geri qalan “Neftçi” üçüncüdür. “Ekspress”in aktivində 3 xal olduğu halda, “Sərhədçi” hələ bu hesabı aça bilməyib.