Voleybolçu qadınlar arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqada V tur çərçivəsində iki görüş baş tutub.


Hər iki qarşılaşmadan əvvəl bu gün Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Voleybol Mərkəzində təşkil olunan V turun ilk qarşılaşmasında  "Azərreyl" klubu "Abşeron"la üz-üzə gəlib. Çempionluğa əsas namizəd olan və birinciliyə vahid liderlik edən "Azərreyl" gözləntilərin əksinə olaraq məğlub olub. 3 set davam edən matçda güclü rəqibinə şans verməyən "Abşeron" Yüksək Liqanın ilk sensasiyasını gerçəkləşdirib -3:0.

Günün növbəti oyununda "Murov" və "UNEC" kollektivləri qarşılaşıblar.  Bu görüşdə də qalib 3 setdə müəyyən olub. Vüqar Əliyev rəhbərlik etdiyi "Murov" klubu ehtimal olunduğu kimi çətinlik çəkmədən qələbə qazanıb.

Beləliklə, V turdan sonra lider "Azərreyl"in 11 xalı, "Murov"un 10, "Abşeron"un 9 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan "UNEC"in isə xalı yoxdur.

 

Yüksək Liqa

V tur
   "Azərreyl" - "Abşeron" 0:3 (21:25, 24:26, 17:25)
   "Murov" - "UNEC" 3:0 (25:09, 25:23, 25:11)