Ölkə çempionatında oyun nizam-intizam qaydalarının pozulmasına görə təxirə salındı
- 10 Fev 2023 22:40
- 430
Voleybol üzrə Azərbaycan çempionatında kişilərin mübarizəsində bu gün keçirilməsi nəzərdə tutulan "Xarıbülbül" - "Murov" oyunu baş tutmayıb. "Rekord.az" xəbər verir ki, buna səbəb nizam-intizam qaydalarının pozulması olub.
Belə ki, VI turun və II dövrənin son matçı hakimlər kollegiyasının üzvlərinin AVF-nin yarışların keçirilməsi üzrə Nizam-intizam komisiyyasına ünvanladığı müraciətlə əlaqədar təxirə salınıb. Müraciətdə V turda keçirilən “Xarı bülbül” - “Neftçi” görüşündə nizam-intizam qaydalarının pozulduğu bildirilib və bununla bağlı müvafiq qərar qəbul olunması xahiş olunub. Həmin müraciətə fevralın 13-də baxılacaq və AVF tərəfindən müvafiq qərar veriləcək.
Bu gün isə yalnız bir oyun keçirilib. "Neftçi" gözlənildiyi kimi "MOİK"i məğlub edərək növbəti 3 xalını qazanıb.
Hazırda turnir cədvəlində “Murov” 14 xalla liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” ikinci, 9 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.