Ölkə çempionatının püşkü atıldı
- 23 Okt 2023 20:05
- 352
Voleybol üzrə Azərbaycan çempionatlarının püşkatma mərasimi keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün Voleybol Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri, AVF-nin digər əməkdaşları, klub rəhbərləri və nümayəndələri, eləcə də jurnalistlər iştirak ediblər.
Tədbirdə çıxış edən AVF prezidenti Şahin Bağırov hər kəsi salamlayıb. Tədbir iştirakçılarına təşəkkürünü bildirən federasiya rəhbəri oyunların daha maraqlı keçməsində medianın və azarkeşlərin də mühüm payının olduğunu vurğulayıb, hər kəsi matçları canlı izləməyə dəvət edib. Qarşılaşmaların bu il daha maraqlı və gərgin keçəcəyinə əminliyini vurğulayıb. Ş.Bağırov komandaların sayının artırıldığını, eyni zamanda heyətlərinin daha da gücləndirildiyini bildirib və klubların bu addımını yüksək qiymətləndirib. O, uşaq və yeniyetmə voleyboluna ciddi diqqət yetirildiyini bildirib, hər bir klubun alt yapısının olmasının da vacibliyini əlavə edib. Qurum rəhbəri növbəti çempionatlarda yerli oyunçuların da üstünlük təşkil edəcəyinə inamını bildirib.
Bu ilki çempionatların daha maraqlı və gərgin mübarizədə keçəcəyinə əminliyini ifadə edən AVF prezidenti püşkatma mərasimini açıq elan edib.
Vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev çıxış edərək federasiyanın bu ilki çempionatların səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, həm qadınlar, həm də kişilər arasında ölkə birinciliyində altı komanda iştirak edəcək. Komandaların bu il çempionata daha güclü və təcrübəli heyətlərlə qatıldığı vurğulanıb. Qeyd olunub ki, həmçinin iki komandamız - qadınlardan ibarət AZERRAIL və kişilərdən ibarət XARI BÜLBÜL ŞUŞA klubları ölkəmizi avrokubokda təmsil edirlər. AZERRAIL`in artıq mübarizəyə başladığı və bir mərhələ irəlilədiyi, XARI BÜLBÜL`ün isə ilk oyunlarını bu həftə keçirəcəyi diqqətə çatdırılıb. Vitse-prezidentlər bütün komandalara həm ölkə birinciliklərində, həm də Çağırış kubokunda uğurlar arzulayıblar.
Sonra AVF-nin mətbuat katibi Şəfəq Kərimova püşkatmanın və oyunların keçirilmə qaydalarına həsr olunmuş təqdimatla çıxış edib. Ş.Kərimova, həmçinin bütün klublara çempionatın Əsasnaməsinin təqdim olunduğunu bildirib. Vurğulayıb ki, yaxın günlərdə ölkə birincilikləri ilə bağlı iclas keçiriləcək.
Daha sonra püşkatma mərasimi baş tutub və nəticələr elan olunub.
Sonda AVF prezidenti bütün klublara uğurlar arzulayıb və püşkatma mərasimini bağlı elan edib.
Qeyd edək ki, ölkə çempionatı noyabrın 6-da start götürəcək. Federasiya çempionatdan öncə mətbuat konfransı təşkil edəcək.