Qadın voleybolçular arasında Azərbaycan çempionatı başa çatıb. "Rekord az" xəbər verir ki, bu gün Yüksək Liqada son final matçı keçirilib. 

Milli Gimnastika Arenasında təşkil olunan finalda "Abşeron" və "AZERRAIL" komandaları üz-üzə gəliblər. Cütün ilk qarşılaşmasında "Abşeron" 3:0 hesabı ilə qalib gəlsə də, cavab oyununda "AZERRAIL" eyni hesabla qələbə qazanıb. Çempionun adına isə Qızıl setdə aydınlıq gəlib. Həlledici hissədə 15:12 hesabı ilə qələbə qazanan "AZERRAIL" növbəti dəfə ölkə çempionu olub.