Ölkə prezidenti yüksək nəticələr göstərən idmançıları mükafatlandırdı
- 01 Sen 2023 23:00
- 425
Çinin Çendu şəhərində keçirilən 31-ci Ümumdünya Yay Universiadasında və Sloveniyanın Maribor şəhərində keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançıları, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislər mükafatlandırılıb.
Rekord.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Çinin Çendu şəhərində keçirilən 31-ci Ümumdünya Yay Universiadasında və Sloveniyanın Maribor şəhərində keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 291 200 (iki yüz doxsan bir min iki yüz) manat vəsait ayrılır.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi idmançılar arasında rəqabətin səviyyəsi və ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançıların onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə və ödənilməsinə dair qaydanı 15 gün müddətində hazırlayıb təsdiq edəcək.
Nazirlik, həmçinin, bu sərəncamın 1-ci hissəsi ilə ayrılmış vəsaitin bu sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş qaydaya uyğun olaraq ödənilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.