"Onda yazın ki, Suat hoca "Sabah"a gəlmək istəyir" - MÜSAHİBƏ
- 08 Okt 2019 23:52
- 1017
“Sabah”ın maraq dairəsində olan, Bakı klubu ilə danışıq aparan Suat Kaya Sportinfo.az-a eksklüziv müsahibə verib.
Rekord.az həmin müsahibəni təqdim edir:
- Suat bəy, salam. Sizi Bakıdan, sportinfo.az saytından narahat edirik. İşləriniz necə gedir?
- Salam. Təşəkkür edirəm. Buyurun.
- Eşitdiyimizə görə, Azərbaycan klublarının birindən təklif almısınız...
- Bəli, menecerim bir klubla danışıq aparır.
- Hansı komanda olduğunu bilmək olar?
- “Sabah” klubu.
- Maraqlıdır, bu təklif necə ortaya çıxdı?
- Mən tam olaraq, işin içində deyiləm. Hər şey sabah bəlli olacaq. 15 gündür danışıqlar gedir. Xəbər gözləyirəm. Deyəsən, sabah bilinəcək.
- Yəni, sabah komandanın sükanı arxasına keçəcəyiniz bilinəcək?
- Alınsa, sevə-sevə gələcəm və işləməyə başlayacam.
- “Sabah”ın qarşısına hansısa şərtlər qoymusuz?
- Hələ heç nə bilmirəm. Menecerlər öz aralarında danışırlar. Qarşı tərəfdən istək var. Hazırda “Sakaryaspor”u çalışdırıram. Onlar öz aralarında anlaşsalar, buradan ayrılıb “Sabah”a gələcəm.
- “Sabah”ın vəziyyəti ilə maraqlanmısız? Klub rəhbərliyi, komanda haqda bilginiz varmı?
- Bir həftə maraqlandım, oyunlarını izlədim. Komanda çempionatda sonuncu pillədədir. Hədəfi yuxarı pillələrə qalxıb, avrokuboklarda iştirak etməkdir. Bunu bilirəm. Mən çətin işi sevirəm. Uzunmüddətli işləməyə namizədəm. Alınsa, “Sabah”a gəlmək istəyərəm.
- Siz komanda ilə Bakıda özünüz maraqlanmısız, yoxsa meneceriniz vasitəsilə məlumat əldə etmisiz?
- Mənə birbaşa menecerim özü dedi.
- Yəni, hələ Bakıda olmamısız?
- Xeyr, hələ gəlməmişəm.
- Meneceriniz kimdir? Adını deyə bilərsiz?
- Menecerim türkdür. Parisdə yaşayır. Adı versəm, düz çıxmaz. Çünki danışıqlarda özü iştirak edir. Bu gün xəbər çıxsa, hamınız biləcəksiz.
- “Sabah”ın maliyyə durumu, vəziyyəti yaxşıdır. Komandaya hər bir şərait yaradılıb. Yalnız nəticə əldə etmək qalıb. Sizcə, komandanı hazırkı vəziyyətdən çıxara bilərsiz? Özünüzdə bu gücü hiss edirsiz?
- Bu söhbətləri yalnız komandanın sükanı arxasına keçdikdən sonra etmək olar. Mən hələlik namizədəm. Rəsmi təklif gəlsə, ətraflı danışarıq.
- Nəyə görə “Sabah” rəhbərliyi hesab edir ki, Suat Kaya komandanı yaxşı yerlərə gətirə bilər?
- Ötən mövsüm “Sakaryaspor”la çempion olub, birinci liqaya yüksəldik. Bəlkə də buna görə işimizi bəyəniblər. Bunları Bakıya gələndən sonra danışmaq daha yaxşı olar.
- Hoca, Bakıda çoxlu “Qalatasaray”lı var və onlar sizi "Cim-Bom"da oynadığınız illərdən yaxşı xatırlayır...
- (Gülür). Onda yazın ki, Suat hoca gəlmək istəyir.
- Sizin “Qalatasaray”dakı çıxışınızı gənclik illərimizdə sevə-sevə izləmişik. Fatih Terimin başçılığı altında UEFA kuboku və Superkubokunu qazandığınız illərdə göstərdiyiniz oyun, əzmkarlığınız, hətta başla vurduğunuz qol belə yadımızdadır. Həmin vaxt bütün Azərbaycan şoka düşmüşdü ki, bəstəboy Suat Kaya başla fərqlənib...
- İnşallah, “Sabah”a gəlsəm, yenə başla qol vuraram (gülür).
- Çox sağ olun, Suat hoca.
- Sağ olun. Allah razı olsun.