Dəstə kənd mərkəzində "Heydər Əliyev İli" ilə əlaqədar olaraq cüdo üzrə açıq birincilik keçirilib.

Rekord.az xəbər verir ki, açıq hava şəraitində reallaşan yarışda Naxçıvan şəhəri, Ordubad, Şərur və Culfa rayonlarından ümumilikdə 110 idmançı qüvvəsini sınayıb.

Çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı uğrundakı fəaliyyəti və idmana olan qayğısından bəhs ediblər. Qeyd olunub ki, dahi azərbaycanlının həyat və fəaliyyəti hər birimiz üçün, xüsusilə də yetişməkdə olan gənc nəsil üçün örnəkdir. Görüşlər birinciliyin reqlamentinə uyğun olaraq 3 yaş kateqoriyasında 14 çəki dərəcəsi üzrə keçilib. Nəticələrə gəlincə, 2006-2008-ci il təvəllüdlülər arasında Qurban Məmmədli (46 kq), Mirismayıl Seyidov (50 kq), İlham Məmmədli (55 kq) Məhəmməd Şaxtaxtinski (60 kq), İsa Əliyev (66 kq), 2009-2011-ci il təvəllüdlülər arasında Ümid Vəliyev (34 kq), Yusif Nağıyev (38 kq), Yusif Əsədli (42 kq), Ümid Əliyev (46 kq), Sadiq Rzazadə (50 kq), Arif Cabbarov (60 kq), 2012-2014-ci il təvəllüdlülər arasında isə Ziya Əsədli (22 kq), İbrahim Məmmədov (24 kq), Hikmət İsmayıllı (27 kq), Davud Məmmədzadə (30 kq), Cəsur Cəfərov (38 kq), Yusif Hüseynli (42 kq) birinci yerə layiq görülüblər. Əlavə olaraq həvəsləndirmə məqsədi ilə bir neçə qız idmançı arasında da dostluq görüşü təşkil olunub. İcra Hakimiyyəti ilə Gənclər və İdman İdarəsi tərəfindən birgə təşkil olunan yarışın sonunda ilk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıb.