Öz oynadığı "Kəpəz"lə indikini müqayisə etdi, "Şamaxı"nın potensialını dəyərləndirdi MÜSAHİBƏ
- 21 Sen 2024 13:00
- 275
"Şamaxı"nı gürcü futbolçusu Giorgi Kantariya Rekord.az-a müsahibə verib:
- Başlayaq, oyunun şərhindən. Eyni zamanda sabiq klubuna qarşı oynadın, necə hisslər idi?
- İlk növbədə onu qeyd edim ki, vacib qələbə qazandığımız üçün çox şadam. Çətin oyun keçsə də, 3 xal götürə bildik. Bura gəlməmişdən əvvəl də hədəfimiz qələbə idi. Yaxşı komandamız var, gələcəyə nikbinm baxıram. Növbəti turda "Turan Tovuz" daha bir vacib matç bizi gözləyir və həmin oyuna hazırlaşmalıyıq. "Kəpəz"ə isə qısa zamanda düşdüyü çətin vəziyyətdən çıxmağı arzulayıram.
- Yeri gəlmişkən, sizin dönəminizdə də "Kəpəz"in vəziyyəti elə də yaxşı deyildi. Maddi sıxıntı, infrastruktur problemi, amma komanda sanki daha döyüşkən idi...
- Mən oynadığım "Kəpəz" daha güclü idi. Baxmayaraq ki, sizin dediyiniz maddi və digər problemlər var idi, amma heyətdə yer alan futbolçular daha keyfiyyətli olduğu üçün komandanı o çətin vəziyyətdə Premyer Liqada saxlamağı bacardıq.
- Görünən budur ki, yeni komandana uyğunlaşmaq çox rahat oldu...
- Elədir. Çünki daha öncə də Azərbaycan çempionatında oynadığım üçün mənə yad deyildi. Həm də kollektov elədir ki, hamı bir-biri ilə merhribandı, bir ailə kimiyik. Bu amil də mənim "Şamaxı"ya daha tez uyğunlaşmağıma kömək etdi.
- "Şamaxı"ya gəlişin necə oldu, baş məşqçi dəvət etdi, yoxsa, menecer tərəfindən təklif olundun?
- Yox, mən bu komandaya birbaşa Ayxan Abbasovun dəvəti ilə gəlmişəm. Daha öncədən də onunla tanışlığımız var idi, çox hörmət etdiyim məşqçidir. Buna görə də Abbasovdan dəvət gələn kimi, düşünmədən qəbul etdim.
- Komandanızın bu mövsümkü çıxışı çoxlatı üçün gözlənilməz hesab olunur. 7 turdan sona xallarınızın sayını 11-ə çatdırmısınız və ilk "dördlüy"ə daxil olmusunuz. Bu mövsüm üçün qarşınıza qoyulan konkret hədəf nədir?
- Qarşımıza qoyulan əsas hədəf Premyer Liqada yerimizi qorumaqdı. Ancaq təbii ki, biz bacardığımız qədər maksimum nəticə əldə etmək istəyirik. "Şamaxı"da bu potensial da var. Ona görə bu çıxışımızı bacardığımız qədər davam etdirəcəyik. İstək və mehribançılıq olandan sonra və hamı bir ailə kimi olmağı bacarsa, nəticələrimiz də yüksək olacaq.
Anar XANLAROV