Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıqlarını davam etdirir. "Rekord.az" xəbər verir ki, komandamız təlim-məşq toplanışının növbəti mərhələsini Bosniya və Hersoqovinada keçirir. 

Millimizin aparıcı oyunçularından olan toppaylayıcımız Kristina Besman qitə birinciliyinə hazırlıq və yarışın final mərhələsi haqqında fikirlərini bölüşüb: "Avropa çempionatının başlamasına sayılı günlər qalıb. Bütün iştirakçılar kimi bizdə hazılığın son mərhələsindəyik. Bosniya və Herseqovinada məşqlərimiz davam edir və buradan birbaşa Serbiyaya yola düşəcəyik.

Avropa çempionatına hazırlığımız iyun ayında başlayıb. İki ay ərzində təlim-məşq toplantıları və yoxlama oyunlarımız olub. Düzdür, keçirdiyimiz yoxlama oyunlarda məğlub olduq, amma bu, bizi həvəsdən salmamalıdır. Artıq komandamız burada tam heyətlə məşqlərə davam edir. Olena Xarçenko da Bosniya və Herseqovinada bizimlə məşqlərə qatılıb. İnanıram ki, oyunlarda Olenanın komandamıza çox böyük köməyi olacaq.

Bu mənim 4-cü Avropa çempionatımdır. Hər bir idmançı kimi mən də meydançaya qalib gəlmək üçün çıxıram. Düşünürəm ki, biz hər birimiz özümüzə inansaq və meydançada gözəl oyunumuzu oynasaq o zaman daha rahat qələbə qazana bilərik".