Pandemiya yığma oyunçularını kuryer, taksi sürücüsü və ofisianta çevirdi
- 05 Mar 2021 17:00
- 1027
Dünyanı bürüyən koronavirus pandemiyası bütün sahələr kimi idmana da böyük zərbə vurub.
Rekord.az xəbər verir ki, planetin hər nöqtəsində olduğu kimi Azərbaycanda da infeksiyadan zərərçəkən idmançılar az deyil.
Buna əsas səbəblərdən biri karantinlə əlaqədar əksər idman növləri ilə məşğuliyyətə qadağa və ya məhdudiyyətlərin olmasıdır. Təkcə sevimli idman növü deyil, həm də peşələrindən uzaq düşmələri onların karyeralarına da təsirsiz ötüşmür.
Təbii ki, idmansız, bir sözlə işsiz qalanlar özlərinə yeni peşə axtarmağa məcburdurlar. Dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da idmançılar üçün belə addım qaçılmaz olub.
Ən böyük zərbənin futbol istisna olmaqla, digər komanda idman növlərinə dəydiyini desək, yanılmarıq. Yarışları və məşqləri açıq havada deyil, qapalı məkanda keçirilən həndbol, basketbol, voleybolun varlığı ilə yoxluğu artıq hiss olunmur.
Basketbolla həndbolun varlığı adi vaxtlarda da o qədər hiss olunmurdusa, voleybol məhz koronavirusun qurbanı sayılır. Avropada sözünü deyən qadın voleybolçularımız ölkə xaricində çıxış etməklə bu idman növümüzü, eyni zamanda yığmamızı yaşada bilirsə, kişilərlə bağlı durum daha acınacaqlıdır.
İki aydan sonra Avropa çempionatının seçmə mərhələsinə qatılmalı olan və Gürcüstan, Yunanıstan, Monteneqro ilə qrupda favorit sayılan yığmamızın üzvləri üçün məcburiyyətdən voleybol arxa plana keçib. Az qala final mərhələsi barədə düşündüyümüz halda indi heç voleybolçularımızın seçmə oyunlarına qatılması belə sual doğura bilər.
Voleybolsuzluq milli üzvlərini müxtəlif sahələrə aparıb. Maliyyə problemi səbəbindən iş axtarışında olanların bəziləri özünə yeni yer tapsalar da, hələ də seçim etməyənlər də var.
Millinin kapitanı Aleksey Çervyakov hazırda ölkə xaricindədir. Düşünməyin ki, o, legioner həyatı yaşamaq imkanına malikdir. Rusiyaya gedən voleybolçu orada istənilən işin "qulpundan” yapışmaq arzusunda olsa da, hələ də özünə uyğununu tapmayıb.
Komandanın toppaylayıcısı Tural Həsənli isə "universallığı”nı meydandan kənarda da göstərir. Bir müddət corab sexində çalışmağa məcbur olan idmançı indi də başqa peşəyə yiyələnib. Tural poçtda kuryer vəzifəsində çalışır.
Elmin Alışanov da kuryer olmağa üstünlük verib. Qadın yığmamızın üzvü Şəfaqət Həbibova ilə ailəli olan Elmin poçtda deyil, karqo şirkətlərin birində çalışır. O, çatdırma üzrə kuryer vəzifəsində işləyir.
Bu gün üçün ən populyar sahələrdən biri olan sürücülükdə də voleybolçuya rast gəlmək mümkündür. Yığmamızın üzvü Aqil Ağazadə dolanışıq üçün taksi sürməklə sevimli idman növündən uzaq düşüb.
Voleybolsuz qalan digər milli üzvləri də özlərini yeni sahədə sınamaqdadır. Gənc idmançıların çoxu ofisiant, bir qismi kuryer kimi fəaliyyət göstərir.
Tokio-2020, AVRO-2020 kimi nəhəng tədbirlərə zərbə vuran pandemiyanın voleybolumuzu hansı duruma qədər sürükləyəcəyi bəlli deyil. Yalnız bircə şey məlumdur ki, mayın 7-də Gürcüstanda Monteneqro ilə seçmə mərhələ oyunu olacaq.
(apasport.az)