Moldovada normal çempionat var? Fiasko günündə, yarımpeşəkar səviyyədədi. Ölkə olaraq da dibdədilər, kobud desək, bir tikə çörəklə dolanırlar. Bəs nətər olur ki, onlar bizdən daha çox xal yığırlar?

 

"Lüksemburqun uşaq futbolu" deyəndə adam özünü qəribə hiss edir, "varlarıdı ümumiyyətlə" sualını verirsən. Toplam 700 min əhaliləri var. Onun 100 mini uşaq olsun, yarısı qız olsun, qalanının ən azı yarısı başqa peşənin (həkim, müəllim, aktyor, yanğınsöndürən və s.) sahibi olmaq, istəsin, o qalanın yarısı digər idman növünə getsin. Qalacaq təxminən 6-7 min azyaşlı. Nətər olur ki, bu kiçiklikdə resursu olan ölkə final mərhələsinin bir addımlığındadı, biz isə kənardan ağzıaçıq izləyirik?

 

Yaxud Monteneqroda futbol stadionları bizimkilərin yanında az qala toyuq damına oxşamırmı? Bir dənə normal 10 minlik Podqoritsa stadionları var, qurtardı getdi. Yəni desək ki nəsə super futbol infrastrukturları var, yalan söyləmiş olarıq. Ən azı bizdəkindən yaxşı deyil. Bəs niyə biz bu ölkəyə aşağıdan-yuxarı baxmağa davam edirik?

 

Sualın cavabı var: milli ideya və onun həyata keçirilməsi üçün nümayiş etdirilməli olan peşəkarlıq.

 

Təkcə futbolda yox, bütün sahələrdə - təhsil, tibb, sənaye, bir sözlə hamısında peşəkar və milli olmaq.

 

Avropanın bir sıra ölkəsindən çox olan futbol maliyyəmiz var. Amma o pulu, o maliyyəni idarə edəcək, ondan düzgün istifadə edəcək, milli mənafe naminə xərcləyəcək peşəkar kadrlarımız yoxdu, olanlara da yol açılmır. Heç kim futbolu düşünmür. Daha doğrusu, ona sadəcə bir oyun kimi baxır, strateji, milli məsələlərdəki xüsusi əhəmiyyətini dərk etmir, etmək istəmir. Çünki bu iş çətindi. Nələrinə lazım? Bir məşqçi gəldi, o biri getdi, bir oyun udduq, ikisini uduzduq, fərq eləmir onlar üçün. "Süni də olsa meydança vermişik, top vermişik, oyununuzu oynayın da" deyib-düşünürlər.

 

Amma hər şey bu qədər sadə deyil axı. Futbol on, yüzminlərlə uşağın pis vərdişdən uzaqlaşması, sağlam həyat tərzi sürməsi, həyat şəraitindən asılı olmayaraq böyük emosiyalar yaşamaq, sevinmək, özünə kumirlər seçmək, onlar kimi olmaq üçün daha çalışqan olmağa can atması, həm də milli, vətənpərvərlik hisslərinin ifadə edilməsi, büruzə verilməsi, aidiyyat hissinin zirvə nöqtəsinə qalxma şansı deməkdi. Bu oyun birlik, yoldaşlıq, dostluq üçün ideal yoldu. Düşmənçiliyi sadəcə meydandakı rəqabət səviyyəsinə salan məhfumdu futbol. Futbol insanların, onların aid olduqları cəmiyyəti inkişaf və nümayiş etdirmək üçün ən yaxşı vasitələrdən biridi.

 

Deməli, burda milli olmaq lazımdı. Sevmək lazımdı bu Vətəni. Region Liqasında bir klubun sənədləşmə işini görən şəxsdən AFFA-dakı mühafizəçiyə, ordan rəhbər şəxsə, ordan geriyə - II Liqadakı bir klubun ehtiyat oyunçular skamyasının üzvünə qədər hər kəs. Futbolu idarə edənlər isə xüsusilə bu cür olmalıdılar. Çünki onlar bu prosesi idarə edən, yönəldən, qərar verənlərdilər. Onların milli ruhu və yüksək peşəkarlığı ümumi ölkə futbolunun taleyini, müqəddəratını həll edir. Onlar milli düşüncəli olmadıqca, aşağıdakıların canfəşanlığı heç bir effekt verməz. 15 yaşlı yeniyetmənin öz ölkəsinin futboluna xidmət etmək, xeyir vermək istəyi yetərli deyil. Ona bu şərait yaradılmasa, gecələr lap Azərbaycan bayrağına bürünüb yatması da effekt verməz. Ona meydan, forma, normal məşqçi, mütəmadi oynayıb özünü göstərə biləcəyi turnirlərin təşkil olunması, onu görüb yuxarı aparacaq şəxslərin (seleksiyaçıların) ədalətli (yəni milli düşüncəli) olması lazımdı. Yoxsa o istedad qısa müddətdə itib, özünü hansısa tikintidə sement qarışdıran yerdə tapacaq.

 

Futbol sadə oyundu, oynamaq rahatdı deyə bu qədər geniş yayılıb. Peşəkar yanaşma olduğu təqdirdə kiçik bir kənddən də yaxşı futbolçu yetişdirmək olar. Hər kənddən bircə nəfər çıxsa, ölkə futbol camiəsinin əlavə gücə ehtiyacı qalmaz. Onların içərisindən istedadlar da mütləq çıxacaq. Zaqatalanın Aşağı Tala kəndindən Qurban Qurbanov, Şərurun Yengicə kəndindən Rəşad Sadiqov, Göygölün Aşıqlı kəndindən Vidadi Rzayev, Sumqayıtdan Nazim Süleymanov, Bakıdan Anatoli Banişevski, İmişlidən Bəhlul Mustafazadə kimi.

 

Peşəkar və milli olmaq. Baş məşqçi seçəndə, yeni stadionun tikintisi üçün plan hazırlayanda, ona maliyyə ayıranda, uşaq futbolunun inkişafı üçün empatiya qurub futbolçu və məşqçilərin şəraitini yaxşılaşdırmaq istəyində, azarkeşlərin tribunada rahat olmasını, komandalarını ürəklə dəstəkləməsini təmin edib onlara mane olmamaqda və bir çox digər məsələlərdə. Dünya xəritəsində çeçələ barmağın yarısı boyda bir ölkəyik, dostumuz özümüzük, düşmənimiz də dünya qədər. Biz özümüzü sevməsək, heç kim bizi sevən deyil.

 

Müharibədə çox şeyi sübut etdik. Qalır bu qələbəni daxildə möhkəmləndirmək. Hər işdə peşəkar və milli olaraq.

 

Kənan Məstəliyev, "Rekord.az"