“Plana sadiq qaldım” - Azərbaycanlı dünya çempionu
- 22 Avq 2024 14:15
- 260
“Rəqiblərimin mənimlə görüşlərə hazırlaşdıqlarını hiss edirdim. Buna baxmayaraq, heç bir taktikanı dəyişmədim, plana sadiq qaldım”.
Rekord.az xəbər verir ki, bunu İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov (51 kq) Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında deyib.
İdmançı artıq ikiqat Avropa və ikiqat dünya çempionu (hər ikisi U-17) olduğunu xatırladıb:
"Eyni nəticəni U-20 səviyyəsində də əldə etməyi planlaşdırıram. Mənim üçün ən çətin final qarşılaşması idi. İlk hissədə 1:3 hesabı ilə geridə idim. Amma sonra özümü toparlaya bildim, hesabı bərabərləşdirdim və sonda qalib gəldim. Ən vacib olan da bu idi".
Qeyd edək ki, yunan-Roma güləşçilərindən Ayxan Cavadov (60 kq) qızıl, Əmrah Əmrahov (48 kq) isə bürünc mükafata sahib çıxıb.