“Heyətdəki itkilər “Gəncə” ilə oyunda mənə şans yaratdı”.


Rekord.az xəbər verir ki, bunu “Lənkəran”nın gənc basketbolçusu Varid Ağasızadə Azərbaycan Basketbol Liqasının 7-ci turunda "Sumqayıt"a qarşı keçirəcəkləri görüşdən öncə klubun mətbuat xidmətinə açıqlamasında deyib.


20 yaşlı oyunçu rəqibi yaxşı təhlil etdiklərini söyləyib:


“Səhvlərimə baxmayaraq, özümü yaxşı tərəfdən göstərməyə çalışdım. Heyətimiz tam olmasa da, qələbə üçün əlimizdən gələni edib azarkeşlərimizi sevindirmək istəyirik. Məqsədimiz hər dəfə eynidir - yalnız qələbə! Son 3 oyunda məğlub olmağımıza baxmayaraq, komandada ab-hava əladır. Pley-offa vəsiqə qazanmaq üçün əlimizdən gələni edib, qələbələrimizin sayını artıracağımıza inanıram”.


O, çempionatın bu il daha maraqlı olduğunu bildirib:


“Ötən ilə nisbətən bu il liqa daha maraqlı keçir. Yeni klublar yaradılıb və 2 qrupun olması rəqabətə təsir göstərir. Əksər oyunlar başabaş keçir”.


"Sumqayıt" - "Lənkəran" matçı bu gün Sumqayıt Olimpiya İdman Mərkəzinin meydanında, saat 15:00-da start götürəcək.