Polad Həşimovun xatirəsinə həsr olunan ölkə birinciliyi başa çatıb
- 29 İyn 2022 16:45
- 461
Şəhid general – mayor Polad Həşimovun xatirəsinə həsr olunan stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
Rekord.az xəbər verir ki, Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən yarışda 2010-cu il təvəllüdlü və daha az yaşlı idmançılar iştirak ediblər.
Şəxsi xarakter daşıyan ölkə birinciliyində Bakı, Sumqayıt, Şabran, Quba, Gədəbəy, Salyan, Zərdab və digər şəhər və rayonlardan 70-ə yaxın stolüstü tennisçi qələbə uğrunda mübarizə aparıb.
Bu gün keçirilən həlledici görüşlərin nəticələrinə əsasən, qızlar arasında Yağmur Məmmədli (Sumqayıt) ölkə çempionu adını qazanıb. Xədicə Eylazova (Sumqayıt) 2-ci, Banu Baytallı ilə Aynur Ağayeva (Bakı) 3-cü yeri tutub.
Oğlanların mübarizəsi Onur Quluzadənin (Bakı) qələbəsi ilə başa çatıb. Tunar Bağırov (Şabran) gümüş, İbrahim Rəhimzadə (Bakı) və Uğur Nəzərli (Sumqayıt) bürünc medala layiq görülüb. Fərqlənən idmançılar gənclər və idman nazirliyinin diplomları və ASTF-nin qiymətli hədiyyələri ilə mükafatlandrılıblar.
Qeyd edək ki, birinciliyin keçirilməsində əsas məqsəd, şəhid general-mayor Polad Həşimovun xatirəsini yad etməklə yanaşı, stolüstü tennisin bölgələrdə təbliği, bu idman növünün kütləviliyinin artırlıması, perspektivli idmançıların üzə çıxarılması və seçmə komandanın heyətinin müəyyənləşdirilməsi idi.