Polina Rəhimova: "Bir halda ki, ermənilər Azərbaycan torpaqlarını xoşluqla qaytarmaq istəmir..."
- 18 Okt 2020 13:00
- 888
Rekord.az xəbər verir ki, Braziliyanın “Sesi Bauru” klubunda çıxış edən Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova düşmən işğalında olan torpaqlarımız uğrunda aparılan döyüşlərlə bağlı fikirlərini bölüşüb.
Matc.az-a açıqlamasında təcrübəli voleybolçu bəyan edib ki, cəbhə xəttində toqquşmalar başlayan kimi Azərbaycanın Braziliya Federativ Republikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elxan Poluxovla əlaqə saxlayıb.
“Elxan müəllimdən xahiş etdim ki, mənə Azərbaycan bayrağı göndərsin. Ona və bayrağı göndərməkdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm.
Daha sonra komanda yoldaşlarımla və məşqçilər korpusu ilə söhbətləşərək, koronavirus pandemiyasına görə yaranmış fasilədən sonrakı ilk oyunumda tribunada Azərbaycan bayrağının olmasını istədiyimi söylədim” – deyə, Polina bildirib.
Rəhimova vurğulayıb ki, Azərbaycan bu münaqişədə haqlı tərəfdi: “Mən siyasətçi deyiləm, amma ədalət naminə hərbçilərimizə dəstək olmaq istəyirdim.
Azərbaycan bu məsələdə yüz faiz haqlıdı. Çünki öz topraqlarını düşmən tapdağından azad etmək istəyir. Lakin oyundan öncə təşkilatçılardan biri mənə yaxınlaşaraq bildirdi ki, bizdə ermənilər də çalışır və tribunada Azərbaycan bayrağının asılmasına icarə vermirik.
Bu, məni çox məyus etdi. Çünki bunun oyunun başlamasından az öncə edilməsi əsl riyakarlıq idi. Özü də oyundan öncə sosial şəbəkədə də yazmışdım ki, bugünkü oyunumu ölkəmizə və ordumuza həsr edəcəm.
Mən müharibəyə qarşıyam. Amma bir halda ki, ermənilər Azərbaycan torpaqlarını xoşluqla qaytarmaq istəmirlər, güc yolu ilə qaytarmaq lazımdı. Çox təəssüf ki, bu müharibədə hər iki tərəfdən çoxlu günahsız adamlar əziyyət çəkirlər.
Komanda yoldaşlarım da tez-tez məndən bu məsələ barəsində soruşurlar, onlara hər şeyi izah etməyə, həqiqəti bilmələrinə yardımçı olmağa çalışıram.
Qızlardan biri hətta Kim Kardaşyanı da soruşub. İndi informasiya müharibəsinin necə böyük təsirə malik olduğuna da əmin oluram. Ona görə də idmanla məşğul olan hər kəsi bu terrorla bağlı susmamağa çağırıram”.
Polinanın komandası Paulistanın finalına vəsiqə qazanıb. Bu barədə danışan voleybolçu bildirib ki, “Osasko” ilə ilk final qarşılaşması bu gün baş tutacaq:
“İkinci oyun isə çərşənbə axşamı keçiriləcək. İki görüşdə qalib gələn çempion olacaq. 1:1 olacağı halda isə qızıl set təşkil olunacaq. Biz çempionatı lider bitirdiyimiz üçün, söz sahibi idik.
Bu üzdən də ilk oyunun səfərdə, cavab görüşünün isə evdə keçirilməsini istədik. Əlbəttə, rəqibi tanıyırıq. Onlarla ötən il də oynamışdıq. Bu il baş tutan oyunda isə mən iştirak edə bilməmişdim. Fikrimcə, bu gün bir qədər fərqli olacaq. İnşallah, qələbə bizimlə olar”.