Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Marqarita Stepanenko Polşa çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Radomka" 17-ci turda "BKS Bostik" klubunu qəbul edib.

Qarşılaşma gərginliyi ilə yadda qalıb. 3 set davam edən matçda meydan sahibləri quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (24:26, 22:25, 23:25).

Komandasının xalsız qaldığı görüşdə millimizin üzvü əvəzetmə ilə oynayıb. Rita meydanda olduğu müddətdə 6 dəfə fərqlənib. O, xalların hamısını hücumda qazanıb.

Qeyd edək ki, voleybolçumuzun komandası 13 xalla turnir cədvəlində 9-cu yerdədir.