Polşalı hücumçudan mundialda növbəti yaddaqalan nəticə
- 12 Okt 2022 16:16
- 443
Qadın voleybolçular arasında dünya çempionatı sona çatdıqca oyunların gərginliyi də artır. "Rekord.az" xəbər verir ki, 1/4 final çərçivəsində keçirilən Serbiya - Polşa qarşılaşması dramatikliyi ilə xüsusi diqqət çəkib.
Oyundan əvvəl favorit göstərilən Serbiya yarışın ev sahibinin ciddi müqaviməti ilə üzləşib. Polşalı voleybolçular doğma azarkeşlər önündə möhtəşəm oyunla yadda qalıblar. Tay-brekə qədər uzanan matçda son dünya çempionu Serbiya çətinliklə də olsa qələbə qazana bilib - 3:2 (21:25, 25:21, 25:19, 24:26, 16:14).
Görüş mübarizəni 1/4 finalda dayandıran Polşa millisi üçün daha bir möhtəşəm nəticə ilə yadda qalıb. Belə ki, komandanın aparıcısı oyunçularından olan hücumçu Maqdalena Stisiak 40 dəfə fərqlənib. 21 yaşlı voleybolçu bu mundialda bir oyun ərzində 40 xal həddinə çatan ikinci, ümumilikdə isə dördüncü voleybolçu olub. Hazırkı birincilikdə ilk belə nəticə 41 xalla Belçika yığmasının üzvü Britt Herbotsa məxsusdur. Bundan əvvəlsə italiyalı Paola Egonu 2018-ci ildə bir oyuna 45 xal, 2006-cı ildə isə Qazaxıstan voleybolçusu Yelena Pavlova 40 xal qazanıb.
Qeyd edək ki, mundialın yarımfinalında Serbiya ABŞ-la, İtaliya isə Braziliya ilə üz-üzə gələcək. İlk oyun bu gün, ikinci yarımfinal isə sabah baş tutacaq. Dünya çempionunun adına isə oktyabrın 15-də keçiriləcək final görüşündə aydınlıq gələcək.