Ponomaryov futbolumuzu sərt tənqid etdi: "Niyə heç kim soruşmur ki, nə baş verir?"
- 05 Dek 2019 18:00
- 1074
Azərbaycan millisinin sabiq baş məşqçisi və "Sabah" klubunun Müşahidə Şurasının üzvü İqor Ponomaryov futbolumuzu sərt tənqid edib.
Rekord.az xəbər verir ki, "Futbol plus" qəzetinə açıqlamasında o bunları deyib:
"Yığmanın qrupu cəmi 1 xalla başa vurması ölkə futbolu adına böyük minusdu. 18-19 ildə beynəlxalq səviyyədə oynaya biləcək bir futbolçu belə yetişməyib. Niyə yaxşı futbolçular yetişmir? Niyə heç kim soruşmur ki, nə baş verir? Niyə? Çünki biz nə edirik? Gündə bir akademiya açırıq. "Mançester Yunayted" məktəbi, o biri, bu biri. Hə, nə olsun? Hanı o akademiyalardan çıxan uşaqlar? Bu gün çempionatımızın səviyyəsi hansı vəziyyətdədi? Bu məqam təmsilçilərimizin avrokubok matçlarında özünü açıq-aşkar göstərir. Ölkənin imkansız vaxtlarında çempionatda 16, 18 komanda iştirak edirdi. Indi şərait yaxşılaşıb, ölkənin vəziyyəti düzəlib, elitada cəmi 8 komanda çıxış edir. Yatıb-durursan, yenə "Qarabağ", "Səbail", "Neftçi" ilə oynamalısan".