Poznanda faciə baş verməyib
- 07 İyl 2022 10:17
- 891
Son Rumıniya çempionu, Kluj şəhərini təmsil edən məşhur ÇFR klubu İrəvan səfərindən qolsuz bərabərliklə dönüb. Bu qarşılaşma “Lex” – “Qarabağ” qarşılaşması kimi Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilib. ÇFR bu yay əla hazırlıq keçib, qitənin ən nüfuzlu klub turnirində uzağa getmək fikrindədi. Rumınlar yoxlama oyunlarında qol buraxmayıb, üç qarşılaşmanın hamısında meydanı qələbə ilə tərk edib. ÇFR “Partizan”ı 1:0, “Napredak”ı 3:0, “Koper”i isə 2:0 hesabıyla məğlub edib.
Ötən il Çempionar Liqasında hamını təəccübləndirməyi bacaran “Şerif” üçün də təsnifat mərhələsi elə də uğurlu başlamayıb. Moldova çempionu Bosniya və Hersoqovina təmsilçisi “Zrinski” ilə oyunda favorit sayılırdı. Amma Mostarda keçirilən görüşdə hesab açılmadı. “Şerif” üçün cavab oyununun çətin keçəcəyi məlum məsələdi. Çünki rəqib qapanacaq, nə özü oynayacaq, nə də “Şerif”ə imkan verəcək. Belədə təsadüfi bir qol işləri korlaya bilər. Heç Slovakiya çempionu “Slovan” da bu mərhələdə qələbə qazanıb, cavab görüşünə rahat hazırlaşmaq fürsəti əldə etmədi. Bratislavadakı görüşdə Gürcüstanın Batumi şəhərindən gələn qonaqlar 90 dəqiqə ərzində qapılarını toxunulmaz saxlaya bildilər. “Dinamo” evə yaxşı nəticəylə qayıdır.
Elə Sloveniyanın məşhur “Maribor”u da rahat nəfəs ala bilmir. Çünki bizə də yaxşı tanış olan “Maribor” doğma meydanda Soliqorsk “Şaxtyor”unun müqavimətini qıra bilmədi. 0:0 hesablı bərabərlik növbəti həftə gərgin qarşılaşmanın keçəcəyinin xəbərçisidi.
Heç Macarıstan çempionu “Ferentsvaroş” da ilk qarşılaşmada favorit adını təsdiqləməyi bacarmadı. Məşhur rusiyalı mütəxəssis Stanislav Çerçesovun baş məşqçi olduğu komanda üçün “Tobol”la oyun çox çətin keçdi. Kostanayda keçirilən görüşdə tərəflərin heç biri fərqlənə bilməyincə tablodakı sıfırlar da sona qədər dəyişmədi.
Bilirəm ki, çoxunuz bu nəticələrdən xəbərdarsız. Hətta təəccüblənə də bilərsiz ki, mən yazımda bu nəticələri sizə niyə xatırladıram. Sözümün canı var. O “can” da odu ki, isti yay günlərində komandaların hamısının vəziyyəti aşağı-yuxarı eynidi. Ötən mövsüm çempion olan futbolçular hələ o yorğunluğu canlarından tam çıxarıb, yeni mövsümün hazırlıqlarına, rəsmi oyunlara köklənə bilməyiblər. UEFA-nın məlum qərarları futbolçuların “yükünü” daha da artırıb. Mövsüm bitər-bitməz onları milli komandaların düşərgəsinə çağırdılar. Olan-qalan güclərini də orda qoyan, 10 gün ərzində dörd dəfə meydana çıxmalı olan futbolçuların fəryadını Luka Modriç dilə gətirmiş, üsyan etmişdi. İndi həmin o futbolçular 5-10 günlük istirahətdən sonra yenidən təlim-məşq toplanışına qoşulmalı, Çempionlar Liqasının I təsnifat mərhələsində oynamalı olublar. Sözsüz ki, onlardan sürətli oyun, yüksək performans gözləmək də yersiz insafsızlıqdı.
“Qarabağ”ın müdafiəsindəki məlum kobud səhv olmasaydı, elə “Lex”lə görüş də qolsuz bitəcəkdi. Çünki Polşa çempionu həmin epizoda qədər Şahruddinin qoruduğu qapıya heç yaxınlaşa bilməmişdi. Hesabın açılmasından sonra da ümumi ssenari dəyişmədi, meydan sahibləri poznanlılar böyük üstünlük qazanmadılar. “Qarabağ”ın futbolçuları da bütün digərləri kimi ağır mövsümün, UEFA-nın sıx qrafikinin əziyyətini çəkir, formalarını bərpa etmək üçün çalışırlar. Onlar da “Maribor”un, “Slovan”ın, “Şerif”in, ÇFR-in futbolçuları kimi ilk görüşdə qol vurmağı bacarmadılar, bunu cavab görüşündə etmək üçün hazırlaşırlar.
Vəssalam, faciə-filan baş verməyib. Məğlubiyyəti də normal qarşılamaq, onun əvəzini çıxmağı bacarmaq lazımdı. “Qarabağ”ın təcrübəsi və səviyyəsi buna imkan verir.