Prezident İlham Əliyev Tofiq Heydərovu mükafatlandırdı
- 26 Dek 2019 09:11
- 1371
Dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
"Rekord.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
O, Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2019-cu ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim edib. Onların arasında Tofiq Heydərov da olub. Prezident ona Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Əməkdar bədən tərbiyəsi və idman xadimi adı verib.
Tofiq Mirhəsən oğlu Heydərov 16 iyul 1972-ci il tarixində Lənkəran şəhərində anadan olub. Sabiq azərbaycanlı ağır atlet, 1996-cı il Atlanta Olimpiadasının iştirakçısı, 1988-ci ildən SSRİ İdman Ustası, 2011-ci ildən isə beynəlxalq dərəcəli hakimdir. "AAAF İnşaat MMC"-nin təsisçisi, özünün rəhbərlik etdiyi "Zirvə" İdman Klubunun beynəlxalq layihəsi olan "Zirvə” Beynəlxalq İdman Klublarının (ing. "Zirve İnternational Sport Clubs") prezidentidir.
1996-cı il Atlanta 26-cı Yay Olimpiya Oyunlarında ağır atletika üzrə yarışlarda 83 kq çəki dərəcəsində mübarizə aparıb. Olimpiadadan sonra ümummilli lider, mərhum prezident Heydər Əliyev tərəfindən rəsmi qəbul edilib və xatirə hədiyyəsi ilə təltif olunub.
Tofiq Heydərov Azərbaycan idmanının lokomotivlərindən olan, 12 ölkədə 50-dən çox filialı olan "Zirvə” Beynəlxalq İdman Klublarının prezidentidir. O, ömrünü əvvəlcə bir atlet, karyerasını bitirəndən sonra isə bir funksioner olaraq idmana, onun inkişafına xidmətə həsr edib, bunun üçün nəhəng çalışmalar etməyə həsr edib və hazırda da bu proses davam etməkdədir. Məhz onun təşəbbüsü və dəstəyi ilə ölkənin müxtəlif regionlarında idman zal və kompleksləri inşa olunur, minlərlə gənc və yeniyetmə idmançı gələcəkdə böyük zirvələri fəth etmək üçün bir imkan, şans əldə edir, həyatlarını dəyişirlər. Tofiq Heydərov Azərbaycan idmanının vacib simalarındandır və layiq görüldüyü mükafatlar da bunun bir sübutu və təsdiqidir.
Məhz onun rəhbərlik etdiyi, 5-28 may 2019-cu il tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci "Zirvə Beynəlxalq Uşaq Oyunları”nda 27 idman növündə 12 ölkədən olan, 300-ə yaxın klubu təmsil edən 4 mindən çox idmançı uşağın qüvvəsini sınadığı yarışların möhtəşəmliyi ilə yadda qalmışdı. Kiçik bir Olimpiada kimi təşkil olunan, böyük bir idman bayramına çevrilən bu Oyunlar Azərbaycanda çox sayda ilklərə səbəb oldu, gələcək üçün arxasında nəhəng izlər buraxaraq nümunə rolunu oynadı.
Tofiq Heydərovun idmandakı fəaliyyəti nəticəsində Azərbaycanın regionlarından qısa müddətdə müxtəlif idman növlərində yüzlərlərlə Avropa və dünya çempionat və birinciliklərinin, Olimpiya Oyunlarının, müxtəlif Respublika, həmçinin beynəlxalq turnirlərin qalib və mükafatçıları yetişib, ölkəmizi layiqincə təmsil etməyi və bayrağımızı yüksəltməyi bacarıb.