Prosineçki millimizə qayıdır? - REAKSİYALAR
- 17 Dek 2019 13:40
- 1147
AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qrupu cəmi bir xalla bitirməsindən sonra ölkə futbolu sərt şəkildə tənqid olunur. Artıq ölkəmizdə futbolu inkişaf etdirməyin mümkünsüzlüyünü düşünərək, bu idman sahəsinin, ümumiyyətlə, ləğvi barədə çağırışlar meydana çıxmağa başlayıb.
Tovuzun “Turan” klubunun sabiq icraçı direktoru və AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü Yaşar Sultanov mövcud problemin çıxış yollarından danışdı: “Ləğv nə üçün olmalıdır ki? Problemləri aradan qaldırmaq lazımdır. Öncəliklə onu qeyd edək ki, 2005-2015-ci illər cənab prezidentin imzası ilə futbolumuzun inkişafı ilə bağlı dövlət proqramı təsdiq olunmuşdu. Bu proqram tərtib olunanda Azərbaycan çempionatında 14 komanda iştirak edirdi. Bu gün komandaların sayı 8-ə düşüb. 14 komandada legion limitini nəzərə alsaq, 5 nəfər oynayanda 70 nəfər edirdi. İndi isə 40 futbolçunun olduğunu görürük. Sözün həqiqi mənasında futbolumuz tənəzzül dövrünü yaşayır. Təsəvvür edin ki, 10 milyon əhalisi olan bir ölkədə Ermənistan çempionatında olan sayda klub çıxış edir. Gürcüstanda 10 komanda əsas liqada mübarizə aparır. Bu çox biabırçı bir haldır. Bununla milli necə güclü ola bilər? 40 futbolçudan nə seçə bilərsən? 25 nəfərin seçiləcəyini, eləcə də 19 və 21 yaşlı millilərə seçilənləri nəzərə alsaq, belə çıxır ki, milliyə düşməmək düşməkdən daha çətindir. Azərbaycanda, sadəcə olaraq, futbolun olması üçün ölkəmizdə gərək futbol oynanılsın. Mövcud vəziyyətdən çıxış yollarının olmadığını düşünməyin özü yanlışdır. Azərbaycanın bütün kəndlərində futbol oynanılmalıdır. Təsəvvür edin ki, 65 kənd rayonundan cəmi 12-13-də futbol oynamağa yararlı stadion var. Əksər rayonlarımızda, ümumiyyətlə, stadion yoxdur, o da qalsın kəndlərdə. Hər bir kəndin özünün futbol oynamaq üçün yeri olmalıdır. Kəndlərarası hər il 2-3 dəfə yarışlar keçirilməlidir.
Yaşar Sultanov: “Milliyə düşməmək düşməkdən daha çətindir”
Bunları təşkil etmək lazımdır. İntriqalar olanda inkişaf da olur. Uşaqlar bunu görüb, həvəslənməlidirlər. Uşaq top, meydança, oyunçu görmürsə, nə etməlidir? Bu işlər broyler yetişdirmək kimi deyil. Futbolçu broylerdən yetişmir axı. Gərək şərait qurasan ki, futbolçu da yetişsin. Uşaq vaxtı tənəffüs olan kimi hamımız top qoltuğumuzda meydançaya qaçırdıq. İndi, sadəcə, meydançalar yoxdur. Bütün bunları kim etməlidir, haradan başlamaq lazımdır? Təbii ki, AFFA burada daha çox məsuliyyət daşıyır. AFFA Bakıda oturmalı deyil. Onun bir məsul işçisi belə Bakıda olmamalıdır. Rayonlarda olub, yerli bələdiyyələrlə, icra orqanları ilə görüşlər keçirməli, stadionların, meydançaların yerini müəyyənləşdirməlidir. Ciddi şəkildə ölkə rəhbərliyi səviyyəsində məsələni qaldırmalıdır. Futbolun kütləviliyi olmasa, heç nəyə nail olmaq olmaz. Xarici futbolçuları bir kluba dəvət edirik, külli miqdarda vəsait ayrılır. Bunun ölkə futboluna nə xeyri dəyə bilər? Biri gedib, biri gəlir. Bütün bunlar, sadəcə, vəsaitlərin göyə sovrulması deməkdir. 8 klub olan çempionatda bu qədər legionerin olması, sadəcə, ağlasığmazdır. Komandaların yarısından çoxunu legionerlər təşkil edir. 3-dən artıq legioner limiti Azərbaycan üçün qəbuledilməzdir”.
Y.Sultanov AFFA-da dəyişikliklərin aparılmasını vacib sanır: “Futbol federasiyasında dəyişikliklərə çox böyük ehtiyac var. 10 illik bir Dövlət Proqramından başqa indi də 10-15 ilik proqram hazırlansın? İndi də bu qədər müddət gözləyək? Bu mümkünsüzdür. Biz bu il dünyada üç zəif ölkə sırasına düşdük. Artıq futbolda Andorra, San Marina kimi ölkələrlə bir çəkidə gedirik. Çox ayıb bir haldır. Xaricdən öz ölkələrində ehtiyac duyulmayan futbolçuları çağırırıq”.
Qeyd edək ki, Azərbaycan millisində hazırda baş məşqçi postu boşdur. Ötən həftə Nikola Yurçeviçin uzaqlaşdırılmasından sonra 2014-2017-ci illərdə Azərbaycan yığmasını çalışdıran Robert Prosineçkinin geri qaytarılacağı barədə xəbərlər yayılıb. Bosniya və Herseqovina millisindən ayrılan 50 yaşlı mütəxəssis yerli mətbuatda yayılan xəbərlərə münasibət bildirib: “Hər şey mümkündür, görəcəyik. Azərbaycan millisində daha böyük nəticələr əldə etmək üçün hər cür şərait var”.
Kənan Məstəliyev: “Prosineçki bir dəfə Azərbaycanı böyük pula satıb”
Rekord.az saytının əməkdaşı Kənan Məstəliyev bu xəbərlər reallaşarsa, bunun səhv addım olacağını söylədi: “Robert Prosineçkinin qayıtma ehtimalı çoxdandır var və görünən odur ki, onu qaytarmaq istəyən şəxslər əməlli-başlı əmək sərf edirlər. Xorvatiyalı mütəxəssis vaxtilə böyük futbolçu olub, alqışlanacaq karyeraya imza atıb. Ancaq məşqçiliyi o qədər də möhtəşəm deyil. Azərbaycan yığmasında da iş başında olanda buna şahidlik etmişik. Azərbaycana Prosineçki lazım deyil. Bunun bir neçə səbəbi var, Əvvəla, sabiq komandasına qayıdıb uğur qazanan məşqçilər barmaqla sayılacaq qədərdir, çox azdır. Çünki işi görən elə əvvəl də görərdi. Prosineçki San-Marino kimi həvəskar komanda üzərində qələbə ilə xal ehtiyatını çoxaldıb öz adından söz etdirmiş, bunu yaxşıca reklam etməyi bacarmışdı. Eyni məntiqlə builki qrupda həmin komanda olsaydı, elə Yurçeviç də xeyli xal yığa bilərdi. Yəni Robert elə də fantastik işlər görməyib bizim üçün, indi də görəcəyinə inam yoxdur. Üstəlik, Prosineçki bir dəfə Azərbaycanı böyük pula satıb. Daha doğrusu, millimizin başında ola-ola, AFFA-ya xəbər etmədən, hörmətsizlik və qeyri-peşəkarlıq edərək ”Bursaspor"la danışıqlara gedib və razılığını verib. Həmin vaxt bundan xəbər tutan AFFA rəhbərliyi çox doğru şəkildə bu addıma qarşı çıxıb və mütəxəssisi buraxmayıb, təzminat tələb edib. Bu isə Prosineçkinin planlarına daxil deyildi, düşünürdü ki, biz zəif futbol ölkəsiyiksə, bizə yuxarıdan-aşağıya baxmaq, qeyri-ciddi yanaşmaq olar. Gözləmədiyi reaksiyanı alandan sonra o, seçmə tsiklin sonrakı oyunlarını əməllicə “yola verdi” və millimiz daha çox xal toplamaq şansını itirdi. Fikri bizimlə olmayan, bizə bir dəfə xəyanət etmiş şəxsin millinin başına gətirilməsi çox böyük səhvdir, ümid edirəm ki, buna yol verilməyəcəkdir".
“Yeni Müsavat”