Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə hazırlığını başa vurub. "Rekord.az" xəbər verir ki, komandamız artıq yer aldığımız qrupun oyunlarının  keçiriləcəyi Serbiyadadır.

Millimizin blokçusu Olena Xarçenko toplanışa gec qatılmasının səbəblərini açıqlayıb: "Komandamızın Avropa çempionatına hazırlıq mərhələsi başa çatdı. Bir neçə gündən sonra çempionatın ilk matçına çıxacağıq. Millimiz iki ay ərzində ciddi təlim-məşq toplanışı  və yoxlama oyunları keçirib. Təssüflər olsun ki, mən hazırlıq mərhələsinin əvvəlindən komandamızın məşqlərində iştirak edə bilməmişəm. Bildiyiniz kimi  bir müddət əvvəl Bosniya və Herseqovinada təşkil olunan təlim-məşqlərə qatıldım. Çünki, həkimin tapşırığı ilə dizimdə keçirdiyim əməliyyata görə klub mövsümü başa çatdıqdan sonra 3-4 ay fiziki məşqlər etməli idim. Məhz bu səbəbdən yalnız avqust ayından komandamızın məşqlərinə qoşula bildim. Məşqlərə başladığım ilk gündən çalışıram öz əvvəlki formamı tezliklə bərpa edim və Avropa çempionatında komandamıza kömək edə bilim".

Təcrübəli blokçumuz yarışdakı şanslarımızı da dəyərləndirib: "İdmançı üçün əsas amillərdən biri də psixoloji hazırlıqdır. Psixoloji olaraq güclü olmalıyıq. Çünki qarşıda bizi gərgin oyunlar gözləyir. Güclü komandalarla bir qrupda mübarizə apacağıq. Amma voleybolda oyundan öncə fikir bildirmək çox çətindir. Əsas da qadın voleybolçuların yarışlarında nəticə çox zaman gözlənilməz olur. Hər bir matçda sona kimi mübarizə aparmalıyıq. Bu gün komandamızda gənc oyunçular var. Belə mötəbər yarışda çıxış etmək və təcrübə toplamaq hər bir voleybolçunun arzusudur".