“Psixoloqa ehtiyacımız yoxdur” - Samir Abasov
- 08 Dek 2024 21:10
- 170
"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Azarkeşlərlə bağlı məşqçilik karyeramda səhvlər olub. Bu, dərs olub və fanatlarla bağlı təmkinli olmağa çalışdım. Oyunun içində olan şeylərdir və artıq bunu unutdum. Bilirəm bunlar haradan irəli gəlir, kimlər elətdirir. Çox yaxşı bilirəm. Futbolda olan şeylərdir. Canları sağ olsun.
Bədbəxtliyimiz ondadır ki, kağız üzərində favorit göstərilirik. Oyuna çox yaxşı başlayırıq. Etmək istədiklərimiz də alınır. Bəladır, ya da nədir… Durduğumuz yerdə topu rəqibə hədiyyə veririk və qapımızda qol görürük. Halbuki ondan əvvəl 2 metrdən qapıya düşə bilmədik. Bütün oyunlarda baş verən prosesdir. “Şamaxı”nı 2:0 udurduq. Oyundan sonra bu haqda danışmamışam. Həmin oyunu uduzmaq şəklinə çıxardanda, söz də deyə bilmirəm. 23-24 dəqiqə içərisində 2 qol vurub, 5 real epizodu vura bilmirsən. “Qarabağ”la matçda da Ramil Şeydayevin epizodu oldu. Bu gün də iki metrdən qapıya düşə bilmədik. Oyunu idarə edirsən, durduğumuz yerdə topu rəqibə hədiyyə edirik. Hər oyunda bir hədiyyə ilə qapımıza qol gətiririk. Daha sonra ikinci hədiyyə oldu və yenə qapımızda qol gördük. İş də bundan sonra başlayır. Bundan sonra “Neftçi”nin ümumi simasını görürük. “Neftçi” nəyə qadirdir, o üzə çıxır. Bu cür komandalarla görüşdə qol vura bilmirsənsə, qapında qol görürsənsə, rəqib başlayır bağlanmağa. Normaldır və düzgündür. Sən “Neftçi”nin futbolçususan, bütün komandadan danışıram. Bu hallarda üzə çıxmalısan. Qol buraxandan sonra ikinci hissədə epizod yarada bilmirsənsə, bütün suallara cavab burada tapılır. Ən əsası odur ki, bu vəziyyət nəzarətimiz altındadır. Bu oyunlar bizim qarşımızda qrafik cızır ki, hansı futbolçu ilə yolumuza davam edəcəyik, hansılarla komanda quracağıq, hansı futbolçu isə “Neftçi”nin yükünü daşıya bilmir. Bilirəm ki, bu sözümə görə tənqid olacaq. Bəlkə də, bu oyunlarda xeyirlisi də odur. Biz azarkeş kimi baxanda, başqa cür baxırıq. Amma biz hətta səfərdə və evdə oynaya biləcək oyunçuları seçmişik. Səfər oyunlarında futbolçumuz 180 dərəcədə dəyişir. Ad çəkmək istəmirəm. Bu da təzyiqdən irəli gəlir. “Neftçi”də oynayırsansa, belə hallar baş verməli deyil.
Bizim komandada mövqelərə baxsaq, hamısı eyni tipdə olan oyunçulardır. Hücumçularımız arxası rəqib qapıya oynayanlardır. Sürətli hücumçular deyil. Onlara görə də oyun qurmağa çalışırıq. Hər mövqedə olan oyunçular da eyni tipdədir. Bu cür vəziyyətlərdə isə oyunu dəyişmək də çətindir. Çünki həmin oyunçuların əvəzinə meydana daxil olan oyunçu da, eyni şeyi edir. Analiz etdiyimiz, gördüyümüz detallar bunlardır. Bundan dərs çıxarmalıyıq. Bu o demək deyil ki, dərs çıxarıb gələn oyunu udacağıq. Xeyr. Biz gələcəkdə kimlərlə davam edəcəyik, baxacağıq. Belə davam etməyəcək. Açıq görünən bir şeylər var. Sadəcə baş məşqçi üçün bunları deyib, sonra onları oyuna çıxarmaq çətinlik yaradır. Biz hansı vəziyyət olduğumuzu bilirik. İnanın ki, oyuna motivasiyasız çıxmamışdıq. Psixoloqa ehtiyacımız yoxdur. Yaxşı dəyişikliklərə ehtiyacımız var. Amma bunlar dərhal baş verən proseslər deyil. Oynatmaq istədiyin futbolu hansı futbolçular dərk edir, onu bilmək qazancdır. Bu gün oyuna yaxşı başlamışdıq. Komandamız oyuna nəzarət edirdi. “Qarabağ”la matçda Yuri Matias səhv etdi, qol oldu. Onun altından çıxa bilmirik. Bu gün Emil Səfərovdan səhv gəldi. Neçə oyundur ki, baş verən prosesdir. Bir çox məsələlərlə bağlıdır”.