"Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçiriləcək
- 25 Noy 2022 15:15
- 392
Noyabrın 27-də Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə 25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş veloyürüş keçiriləcək.
AVF-dən Rekord.az-a verilən məlumata görə, “Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı altında təşkil olunacaq velotura müxtəlif gənclər təşkilatları və Azərbaycan milli komandasının xanım üzvləri, həmçinin həvəskar xanım velosipedçilərin qatılacaq. Veloyürüşə saat 12:00-da “Azneft” dairəsindən start veriləcək.
İştirakçılar müəyyən olunmuş marşrutla hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısında yürüşü başa vuracaqlar.
Azərbaycan Velosiped Federasiyası veloyürüşdə iştirak etmək arzusunda olan həvəskar xanımları tədbirə qatılmağa dəvət edir.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qərarına əsasən, noyabrın 25-i bütün dünyada Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edilib.