“Qalatasaray”a üç qol vurmuş azərbaycanlının acı taleyi YAZI + FOTOLAR
- 26 Apr 2020 15:00
- 1009
“Neftyanik” (indiki “Neftçi”) 1960-cı ildə SSRİ-nin Güclülər Dəstəsində çıxış edən vaxt Bakıda “Qalatasaray” ilə yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, 1960-cı ilin iyulun 11-də indiki Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə meydan sahibləri İstanbuldan gəlmiş qonaqlara 3:1 hesabı ilə qalib gəlib.
Təxminən 50 min azarkeşin canlı şahidi olduğu bu matçda “Neftçi”nin hər üç qolunu Kamil Eynullayev vurub. Bəs bu futbolçu kim olub?
Sportinfo.az xəbər verir ki, oxu.az unudulmuş, həyatını acı sonluqla başa vuran futbol veteranımız haqda yazı hazırlayıb.
Kamil Eynullayev 1932-ci ilin dekabrın 12-də dünyaya gəlib. Onu “Neftyanik”də (indiki “Neftçi”) köməkçi məşqçi işləyən İsay Abramaşvili kəşf edib. 1957-ci ildən Kamil bu komandaya götürülüb və həmin mövsüm çempionatın B qrupunda üçüncü yeri tutmalarında böyük pay sahibi olub. O, İraqda keçirdikləri yoxlama oyunlarında vurduqları 16 qolun yeddisində iştirak edib.
1958-ci ildə “Neftçi” Bakıda Moskva “Lokomotiv”inə 2:0 qalib gələrkən Kamil qollardan birini vurub və Rusiya klubunun diqqət mərkəzinə düşüb. “Dəmiryolçular” Türkiyəyə yoxlama oyunu üçün gedəndə Kamili də heyətlərinə qatıb. Lakin əksər azərbaycanlı futbolçulara xas olan xüsusiyyət Kamildə də özünü biruzə verib və o, vətəndən kənarda yaşamağa dözməyərək yenidən “Neftçi”yə qayıdıb.
1960-1962-ci illərdə “Neftçi”, 1963-cü ildə Riqa “Dauqava”sında çıxış etmiş Kamil 1964-cü ildə “Neftçi”yə qayıdaraq karyerasına son qoyub. “Neftçi”yə ikinci və üçüncü qayıdışında o, SSRİ-nin güclülər dəstəsində çıxış edib. O, burda 74 oyun keçirib və yeddi qol vurub.
Qəhrəmanımız 1988-ci ilin mayın 1-də dünyasını dəyişib. Ancaq onun ölümü elə-belə olmayıb. 55 yaşlı Kamil Eynullayev şəkər xəstəsi imiş.
Səbəbkar haqda Oxu.Az-a daha dolğun məlumatı onunla “Neftçi”də komanda yoldaşı olmuş keçmiş idman şərhçisi, AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov verib:
“Təəssüflər olsun ki, biz köhnə futbol veteranlarını yada salmırıq. Kamil Eynullayev də belə veteranlardan biri olub. Onun sürəti çox yüksək idi. Bizdə futbolçuların qaçışı ilə SSRİ-nin əməkdar məşqçisi Əfqan Səfərov məşğul olurdu. O, Kamilə deyirdi ki, gəl, mən səni atletikada ölkə çempionu edim. Yəni o dərəcədə sürətli idi. Zərbələri də yaxşı idi.
Kamilgil beş qardaş və bir bacı olub. O, dabanını qaşıyıb və ordan qan çıxıb. Şəkər xəstəsi olduğu üçün bir həftə sonra dünyasını dəyişdi. Köhnə Çəmbərəkənddəki qəbiristanlıqda basdırılıb.
Onun kiçik qardaşı Nadir də “Neftçi”nin əsas heyətində az müddət də olsa oynayıb. Daha çox əvəzedicilərdə çıxış edib. Sonra Qazaxıstanda da oynamışdı. Birinci Kamil, sonra Nadir rəhmətə getdi.
Hər ikisi hücumçu olub. Kamil cinah, Nadir mərkəz hücumçusu idi. Sağ cinahda oynadığı üçün Kamilin qol ötürmələri də çox olurdu. Hər iki qardaşın dəfnində iştirak etmişəm. Bir qardaşı da Bayılda quşun dalınca çıxanda elektrikdən dünyasını dəyişib. Digər qardaşı da Saratovda futbol oynamağa getmişdi.
Kamil özü zarafatcıl idi. İkiotaqlı mənzildə qalırdılar. Deyirdi ki, ailədə çoxuq deyə, kim birinci evə gedirdisə, çarpayıda o yatırdı, qalanları yerdə uzanırdı.
Onların bütün nəsli şəkər xəstəsi olub. Valideynləri də bu xəstəlikdən əziyyət çəkib. Atası Müzəffərin və anasının iki ayağı kəsilmişdi. Onların evində olmuşam, anası əla xanım idi. Sanki Nəsibə Zeynalovanın ikinci versiyası idi, zarafatcıl idi”.
Maraqlı fakt
Kamil Eynullayev Şamil Mahmudbəyovun rejissorluğu ilə 1974-cü ildə çəkilmiş, Yaşar Nurinin kinoda ilk işi olan, Həsənağa Turabovun baş qəhrəmanı olduğu “Dörd bazar günü” filmində epizodik rola çəkilib. Həmçinin onun alman dilinin qrammatikası və leksikası üzrə müəlliməsi olan həyat yoldaşı Sürəyya Qasımova da aktrisalıq edib.
O, “Qızmar günəş altında” filmində (1957-ci il) Gülpəri, “Kölgələr sürünür”də (1958) Afət, “Aygün”də (1960) Şəfiqə rollarını canlandırıb, “Yeni il gecəsində” filmində (1958) epizodik rola çəkilib.
Sürəyya Qasımova həm də doğulduğu Tbilisidə orta məktəbdə oxuduğu vaxt beş ilə yaxın Gürcüstanın gənclərdən ibarət basketbol komandasının ən fəal oyunçusu, sonra isə kapitanı olub. Onu butun azarkeşlər “tatar balası” deyə çağırıb. Sürəyya xanım idmanın bu növü ilə institut illərində də məşğul olub.
Hazırda Kamil Eynullayevin adını nəsildə onun oğul nəvəsi yaşadır.