Türkiyə yığmasının və “Qalatasaray”ın müdafiəçisi Semih Kaya futbolçu karyerasını başa vurub.

Rekord.az xəbər verir ki, 31 yaşlı oyunçu bu barədə qərarını sosial şəbəkə hesabında açıqlayıb.

Semih “Qalatasaray”ın öz yetirməsidir. 2009-cu ildə peşəkar karyerasına başlayan mərkəz müdafiəçisi, İstanbul təmsilçisi ilə yanaşı, icarə əsasında “Qaziantepspor” və “Kartalspor”un da formasını geyinib. 2017-ci ildə isə o, Çexiyanın “Sparta” (Praqa) klubuna transfer olunub. 2019-cu ildə icarə əsasında yenidən “Qalatasaray”a qayıdan futbolçu, 2020-ci ildə Praqa təmsilçisindən ayrılaraq Türkiyəyə qayıdıb. Lakin o, bu dəfə “Yeni Malatyaspor”la anlaşıb. Bu ilin fevralında Malatya klubundan ayrılan müdafiəçi yenidən “Qalatasaray”a qayıtmışdı.

Təcrübəli futbolçu bu klubla 5 dəfə Türkiyə çempionu olub, 4 dəfə ölkə kubokunu, 4 dəfə də super kubok qazanıb. Semih Türkiyə millisində də 23 oyuna çıxıb.