Qara Qarayev: “Çətin olacağını düşünmək olmaz”
- 25 Okt 2019 00:27
- 870
"Azarkeşlərə təşəkkür edirik. Əllərində bayraqlarla bizi mübarizəyə ruhlandırdılar".
Rekord.az saytının məlumatına görə, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev deyib.
Milli komandamızın üzvü Avropa Liqasının qrup mərhələsinin III turunda APOEL-lə keçirilən oyunu dəyərləndirib. O, 2:2 hesablı bərabərliyə layiq olmadıqlarını vurğulayıb: "Bu oyunda komandamız barədə müsbət çox amillər var. Matç bizim əlimizdə idi. Gözləmədiyimiz şəkildə iki qol buraxdıq. Üç xala daha çox layiq idik. Azarkeşlərimizi evlərinə xalsız yola salmadıq. Qrupda bir xal da vacibdi".
Qarayev bu mövsüm APOEL-i səfərə bir dəfə məğlub etdiklərini, bunu yenidən təkrarlamağın mümkünlüyünü deyib: "Qarabağ” istənilən nəticə qazana bilər. Qrupda aşkar favorit “Sevilya”dı. Digər komandaları isə məğlub edə bilərik. Qələbəyə yaxın idik, ancaq alınmadı. Səfər oyununa hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik ki, xal və ya xallar qazanaq. Qalib gələcəyimizi indidən demək çətindi. Bunun üçün çalışacağıq".
"Qarabağ" Kiprdəki qarşılaşmadan öncə çempionatda “Neftçi” ilə üz-üzə gələcək. Yarımmüdafiəçi bunun komandaya mənfi təsir etməyəcəyini düşünür: "Artıq buna neçə illərdi öyrəşmişik. Komanda bu çətin qrafikin öhdəsindən gələ bilər. Edəcək nəsə yoxdu. Meydana çıxıb, oynamalıyıq. Bizim üçün yaxşı və çətin praktika olacaq. Çətin olacağını düşünmək olmaz. Bunu futbolçu fikirləşsə, psixoloji cəhətdən zərbə ala bilər. Belə şeyi düşünməməliyik. Meydana oynamağa çıxmalıyıq. Bizim işimiz budu. Hamı ilə oynayacağıq". (matc.az)