Qara Qarayev də bəhanələrə başladı: "Son 25 ildə..." MÜSAHİBƏ
- 17 Noy 2019 13:38
- 1187
Milli komandamızın kapitanı Qara Qarayev AÇ-2020-nin seçmə mərhələsində evdə Uelsə 0:2 hesabı ilə uduzduqları oyundan jurnalistlərin suallarını cavablandırıb. Rekord.az xəbər verir ki yarımmüdafiəçi əvvəlcə məğlubiyyəti şərh edib.
- Əlimizdən gələni etdik ki, xal qazanmaq istəyirdik. Ən azından 1 xal bizim üçün yaxşı nəticə olardı. Oyuna da pis başlamamışdıq. Sadəcə, standart vəziyyətdən buraxdığımız qol bizi bir az geri saldı. Buna baxmayaraq, ilk yarı bizim üçün çox yaxşı alındı. Əks-hücumlara çıxa bildik. Hətta 100 faizlik penalti epizodumuz oldu. Onu da hakim vermədi. İkinci qolu buraxmağımız və ilk hissənin bu hesabla bitməsi motivasiyamızı aşağı saldı. İkinci hissəyə 1 top fərqi ilə başlasaydıq, bəlkə də hər şey fərqli olardı.
- Əvvəlki matçlardakı oyun keyfiyyətini bu gün görmədik...
- Düşünürəm ki, birin hissədə lazımı qədər yaxşı oynadıq. Əks-hücumlara çıxdıq, rəqibin cərimə meydançası ətrafında təhlükəli vəziyyətlər yaratdıq. İkinci hissə ilə bağlı sizinlə razıyam. Ön xətdə fəal ola bilmədik.
- İlk hissədə hakim penalti təyin etsəydi, xal götürə bilərdik?
- Necə olacağını demək bir az çətindir. Sadəcə, motivasiya baxımından faydalı olacaqdı.
- Razısan ki, millimiz Kardiffdə daha layiqli mübarizə aparmışdı?
- Kardiffdə geri düşdükdən sonra hesabı bərabərləşdirə bildik. Burada isə ilk hissədən sonra 2 top fərqi ilə geridə idik. Bu, planları pozdu. Əvvəlki oyunlarda da hesab arasında fərq az olanda daha mübariz oynayırdıq. 2-ci topdan sonra isə komanda hardasa ruhdan düşür.
- İkinci hissədə adi ötürmələr də alınmırdı. Bu, motivasiyanın düşməsi ilə bağlı idi?
- Bəhanə gətirmək istəmirəm. İkinci hissədə yorğunluq da var idi. Rəqib topla daha çox oynayıb, bizi yordu.
- Səncə, VAR sistemi olsaydı, millimizin qrupdakı vəziyyəti necə olardı?
- Bu gün 1 yox, ən azı 2 xalımız olardı.
- Son 25 illik statistikada Azərbaycan heç vaxt bu seçmə mərhələdəki kimi zəif nəticə göstərməyib...
- Son 25 ildə bundan güclü qrupda da olmamışıq.
- Almaniya, Rusiya kimi komandalarla eyni qrupda oynamış, xallar qazanmışıq...
- Neçə xal yığdığımızı xatırlamıram. Amma bu qrup çox güclüdür.
- Azərbaycan millisini hansı ölkə ilə müqayisə edə bilərik? Elə bir ölkə varmı?
- Mən həmişə İspaniya ilə müqayisə olunmağımızı istəmişəm. Sizin hansı ölkə ilə müqayisə apardığınızı bilmirəm.
- Son oyunda Slovakiya ilə qarşılaşacaqsız. Hazırkı nəticəni yaxşılaşdırmaq mümkün olacaq?
- İndiki dönəm futbolçular üçün çox çətindir. Çünki formal xarakter daşıyan bir oyuna çıxacağıq. Çalışacağıq ki, yaxşınəticə qazanaq. Futbolçu psixologiyası bu cür oyunlara köklənməkdə çətinlik çəkir.