Qara Qarayev “Neftçi”nin daxili işinə qarışma istəmir MÜSAHİBƏ
- 03 Fev 2020 13:49
- 825
Rekord.az xəbər verir ki, Premyer Liqanın 15-ci turunda səfərdə "Səbail"i 1:0 hesabı ilə məğlub edən "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev sualları cavablandırıb.
- Qələbə ilə başlamaq istəyirdik. Artıq çempionatda zəif komanda qalmayıb. Bütün komandalar xal ala bilir, uduzur. Bunu dərk edirik. Çempionatın 2-ci dövrəsinin bizim üçün çətin keçəcəyini anlayırıq. Hər oyunda hədəfimiz 3 xal qazanmaqdır. Qələbə qolunu matçın əvvəlində və ya sonunda vurmağın fərqi yoxdur. Önəmli olan qələbədir. Bu gün 5-li müdafiə ilə oynayan komanda ilə qarşılaşdıq. Bu sistemlə oynayan komanda ilə görüş çətin keçir. Hücum quranda qapanırlar, fürsət vermirlər. Bir neçə epizodumuz oldu. Şükürlər olsun ki, sona yaxın qələbə qolunu vurdu. Bizim üçün çox vacib idi.
- “Səbail”lə son iki oyunda 80-ci dəqiqədən sonra qol vurursunuz. Bunun səbəbi nədir?
- Artıq çempionatdakı bütün komandalar müdafiədə oynamağı bacarır. Zəif komanda qalmayıb. İstənilən komanda qapanıb, liderlərlərdən xal ala bilər. Biz də bunu bilirik.
- Riçard Almeydanın boşluğu görünmürdü. Siz necə düşünürsünüz?
- Almeyda önəmli futbolçulardan olub. “Qarabağ”ın titullar qazanmasında köməyi dəyib. Onun gedişinin komandaya faydalı olub-olmaması barədə danışmağım futbolçu yoldaşlarıma hörmətsizlik olar. Bu, futbolçu karyerasıdır. O da seçimini belə etdi. Çalışırıq ki, boşluğunu hiss etdirməyək.
- 90 dəqiqə müdafiə olunub, sonda qol buraxan komandaların oyununu necə şərh edərsiniz?
- Əgər müdafiə olunmaq istəyirsənsə, top səndə olmalıdır. Bəzi komandalar topu rəqibə verərək oyun qurur. Fikrimcə, “Səbail” bu gün topu bizə verib, səhvlərimizdən yararlanmaq istəyirdi. Biz də top saxlamaqda, hava ötürmələrində daha yaxşı oynadıq. Əks-hücuma çıxmalarının qarşısını aldıq.
- “Qarabağ”a qarşı açıq futbol oynamağın ağıslızlıq olduğunu deyənlər var. Bəlkə, buna görə sizə qarşı qapalı oynayırlar?
- Cinahlarımızdakı oyunçuların fərdi keyfiyyətləri yaxşı olduğu üçün bəlkə də, bunu deyirlər. Açıq oyun futbolu gözəlləşdirir və daha çox qol şansları yaranır.
- Növbəti turda “Neftçi” ilə qarşılaşmanı düşünürsünüz?
- Sözün düzü, indi nəsə düşünmürəm. Evə gedib dincələcəm. Qarşıda 6 günümüz var. Lazım olan şəkildə düşünəcəyik.
- “Neftçi”dən 7 xal öndə olduğunuz üçün artıq fikirləşmirsiniz?
- Tələsmək istəmirəm. İndi eyforiyaya qapılıb, fikir bildirmək düzgün olmaz. İşimiz çalışmaq, qalib gəlməkdir. Təxribatdan uzaq olmaq istəyirik. Hələ bir həftə qalıb. “Neftçi” Azərbaycanın flaqmanıdır, onlara hörmət edirik. Hazırlaşmaq üçün zamanımız olacaq.
- Roberto Bordinin “Neftçi”dən göndərilməsi “Qarabağ”ın xeyrinə ola bilər?
- Bu haqda danışmağım düzgün olmaz. “Neftçi”nin öz strategiyası və prezidenti var. Bu, onların qərarıdır. Biz başqa klubların işinə baxmırıq, öz işimizi görürük.