"Qarabağ” Avropa yarışlarından pul qazanır, ancaq o pula böyük planlar qurmaq olmaz" MÜSAHİBƏ
- 09 Noy 2019 17:00
- 1372
Futboldan kənar sahələrdə çalışan tanınmış şəxslərlə müsahibələrimiz davam edir. Bu dəfə "Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli futbolla bağlı fikirlərini sport7.az-la bölüşüb. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- Əvvəlcə sizi yaxındaq tanıyaq... Nə vaxtdan futbolla maraqlanırsınız? Azarkeşi olduğunuz klub hansıdır?
- Uşaqlığım Ağdamda keçib. Doğulduğum Quzanlı kəndində futbolu çox sevirdilər. Yaxşı məlumatlı azarkeşlər vardı. Bu oyunu küçə futbolundan sevmişəm. Özüm də yaxşı oynamışam. Orta məktəbdə sinif komandamızı əsas hücumçusu olmuşam. Azarkeş kimi futbola baxmağım 1984-cü il Avropa çempionatına təsadüf edir. 1982-ci il Dünya çempionatı yadıma düşmür. Onda 7 yaşım vardı. 1984-cü ildə Danimarka yığmasının hücumçusu vardı - Elkyayer, bax, o yadımdadır. İlk sevdyimiz klub təbii ki, "Neftçi” idi. "Neftçi” SSRİ çempionatının güclülər dəstəsində oynayırdı. Biz futbola azarkeşlik edəndə İsgəndər Cavadov, İqor Ponomaryov, Maşallah Əhmədov, Yaşar Vahabzadə, Səmədağa Şıxlarov, Arzu Mirzəyev, Aleksandr Jidkov vardı. "Dinamo” Kiyevin, "Dinamo” Tbilisinin, "Spartak” Moskvanın oyunlarına baxardıq. Oleq Bloxin, Aleksandr Zavarov, İqor Belanov, Rodionov, Zıqmantoviç, Aleynikov, Rodionovu tanıyır, sevərdik.
"Neftçi” udanda sevinər, uduzanda kədərlənərdik. SSRİ yığmasının seçmə oyunlarını, Avropa və dünya çempionatlarındakı oyunlarını izləyirdik. 80-ci illərdə SSRİ-nin ən populyar komandaları Avropa Kuboklar Kuboku (o zaman belə bir turnir vardı, sonralar Avropa Liqasına birləşdi) yarışlarının qalibi olan "Dinamo” Tbilisi və "Dinamo” Kiyev idi. Kiyev klubu bu kuboku 2 dəfə: 1975 və 1986-da almışdı. Tbilisi "dinamo”çuları 1981-ci ildə almışdı bu kuboku. O zaman kiyevlilərin və gürcülərin bütün heyətini əzbər bilirdik. Futbol oynayanda özümüzü Daraseliya, Şengeliya, Bloxin, Belanova bənzədirdik. O zaman SSRİ çempionatının səviyyəsi pis deyildi. Sadəcə bizim respublikada futbol zəif idi. Güclülər dəstəsində 1 komandamız yarışırdı. Halbuki yüksək liqada Rusiyanı 6-7, Ukraynanı 5-6, Gürcüstanı bəzən 2 klub təmsil edirdi. Bizim komandalar heç birinci diviziyada da yox idi. II dəstə adlanan həvəskar liqada "Qarabağ”, "Kəpəz, "Göyəzən”, Sumqayıtın və Lənkəranın "Xəzər” komandaları oynayırdı.
- Bəs indi ölkə çempionatını izləyirsinizmi? Ümumiyyətlə, Azərbaycan Premyer Liqasının səviyyəsini necə qiymətləndirirsiniz?
- Təəssüf ki, Premyer Liqamızın səviyyəsinin yüksək olduğunu deyə bilmirik. Klubların sayı artırılsa, yaxşı olar. Heç olmasa 12 klub oynasa yaxşıdır. Yevlax, Şəmkir, Tovuz, Gəncə, Lənkəran futbolu çempionata qayıtmalıdır. Klublar futbolçu hazırlayıb xarici liqalara satmalıdır. Öz gücümüzə milli komanda qurmaq çətindir. Avropa liqalarına oynayan futbolçularımız nə qədər çox olacaqsa, milli də o qədər güclü olacaq.
- Millidən söz düşmüşkən, yığma komandamızla bağlı nə düşünürsünüz? Sizcə, Nikola Yurçeviçin millimizə xeyir dəyir, yoxsa elə yerimizdə sayırıq?
- Millinin baxımlı oyun göstərməsi təkcə baş məşqçidən asılı məsələ deyil. Daxili çempionat güclü olmalıdır. Avropa liqalarında oynayan oyunçularımızın sayı çox olmalıdır. Fuad Musayevin zamanında 6-7 futbolçumuz Rusiya, Ukrayna Premyer liqalarına oynayırdı. Baxın, Avropa liqalarında nə qədər türk, rus, ukraynalı, gürcü futbolçu oynayır. Yeri gəlmişkən, "Qarabağ”ın da daha irəli getməsini istəyiriksə, daxili çempionat güclü olmalıdır. Bu səviyyədə ən azı 5-6 klubumuz olmalıdır. Yurçeviçə gəlincə, onun elə bir uğuru yoxdur. Xorvatiya ilə Bakıda 1-1-lik heç-heçə ciddi nəticə deyil. O zaman da yazmışdım, bu 1 xalı xorvatlar həmyerlilərinə ərməğan etdilər. Bizə oynamağa imkan verdilər. Bu bir xal "dütdülü”yə sevinməyə bənzəyir. Bu qədər yatırım qoyulur futbola - 1 xaldan ötrü? Neynirik 1 xalı? Futbolun inkişafı haqqında dövlət proqramı qəbul olunmasından 15 ilə yaxn vaxt keçir. Nə əldə etmişik? Heç nə. Türkiyə belə bir proqramı 1986-da qəbul etmişdi. 1996-cı ildə Türkiyə millisi Avropa çempionatında ¼-ə çıxdı. Biz AFFA rəhbərliyindən və Yurçeviçdən seçmə mərhələdə uğurlu nəticə gözləyirik. Komandamızın Dünya və ya Avropa çempionatına çıxmasını gözləyirik. Sovet vaxtı Latviyada futbol yox idi. "Neftçi” Riqanın "Dauqava” komandasını böyük hesabla udurdu. Amma Latviya müstəqillik illərində (2004) Avropa çempionatında oynadı. Estoniyada da ftubol zəif idi. Amma Estoniya yığması səviyyəli oyun nümayiş etdirir. Xarici məşqçilər bura pul qazanmaq üçün gəlirlər. Çünki bilirlər ki, federasiya onlardan o qədər böyük nəticə istəməyəcək. Elə azarkeşlər də. Yurçeviç səviyyədə Türkiyədə, MDB-də nə qədər məşqçi var. Mənim fikrimcə, milliyə baş məşqçini Türkiyədən, ya da MDB-dən gətirmək lazımdır. Onlar bizim psixologiyamızı yaxşı bilirlər. Bu postda Qurban Berdıyevi, Mustafa Dənizlini görürəm.
- Sizcə, ölkə futbolu niyə hala düşüb? 18 komandalı çempionatdan 8 komandaya düşməyin, rayonlarda futbolun yox olmasının səbəbini nədə görürsünüz?
- Məncə, 8 komandalıq çempionat süni yaradılıb. Neçə ildir Birinci divizyondan yüksək liqaya klub gəlmir. Niyə? Bu nə deməkdir? Komanda udur, birinci, ikinci yeri tutur, ancaq Premyer Liqaya düşə bilmir. Bu nə monopoliyadır belə? Komandaların azalması obyektiv səbəblərlə bağlıdır. Ölkədə normal bazar münasibətləri olsa, əcnəbi şirkətlər, xaricdə yaşayan varlı soydaşlarımız klublara yatırım qoyar. Çempionat Bakıdan çıxmalıdır. Premyer Liqa sanki Abşeron çempionatıdır. "Qəbələ” də bir vaxtlar Bakıda oynayırdı. Klubların azalmasının səbəbi sponsorun yoxluğudur. İndi Sovet vaxtı deyil ki, rayon, şəhər icra hakimiyyətləri klubu maliyyələşdirsin. İndi icra qurumlarının belə bir maddi imkanı yoxdur. Futbol böyük biznesdir. Bu biznesə qapı açmaq, əlverişli mühit yaratmaq lazımdır ki, inkişaf etsin. Klublar təkcə transferə pul xərcləməməlidir. Həm də transferlərdən, futbolçu satışından, reklamdan pul qazanmalıdır. Bizdə klubların yəqin ki, mütləq əksəryyəti dotasiya ilə dolanır. "Qarabağ” Avropa yarışlarından pul qazanır, ancaq o pula böyük planlar qurmaq olmaz.
- Bir şirkət Azərbaycanda futbol klubuna niyə sponsor olsun ki?!
- Doğrudur. Onların heç bir mənfəəti yoxdur. Onların bura gəlişi üçün əlverişli şərait yaradılmalıdır. Onlar futbola pul qoyub qazanc götürəcəklərinə əmin olmalıdır. İndiki halda bu dediklərimiz real deyil.
- Oyunlarına görə layiq olmadıqları halda futbolçular yüksək məbləğdə maaşlar, mükafatlar alırlar. Əvvəl də belə idi, indi də belədir. Sizcə, bizim futbolçularda niyə "futbol qabiliyyəti" alınmır?
- Bəzən deyirlər ki, bizdə futbol mentalileti yoxdur. Bu fikirdə həqiqət də var. Məsələn, braziliyalılar, italyanlar, argentinalılar, hollandlar, almanlar, ingilislər, xorvatlar, ukraynalılar, gürcülər haqqında "onlar kollektiv oyunları yaxşı bacarır" ifadəsi var. Məncə, bu doğrudur. Bunun ruslara, çexlərə, ispanlara da şamil etmək olar. Ola bilər ki, bizdə fərdi idman növlərində uğurlar daha çoxdur, kollektiv idman növləri alınmır. Ancaq futbol təsərrüfatının təşkilindən, məşqçi işindən çox şey asılıdır. Necə olurdu, 80-lərin sonlarında yoxlama matçında "Neftçi" "Qalatasaray"ı böyük hesabla udurdu. "Qarabağ" hazırda Qafqazın ən güclü klubudur. Halbuki ötən əsrin 80-90-cı illərində gürcü klubları öndə idi. SSRİ çempionatının güclülər dəstəsində bəzən 2 gürcü klubu oynayırdı. "Neftçi" 1966-cı ildə bircə dəfə bürünc medal alıb. Lakin "Dinamo" Tiflis bu mükafatı 13 dəfə alıb. 5 dəfə gümüş, 2 dəfə qızıl medal alıb. SSRİ kubokunu, Avropa Kuboklar Kubokunu başı üzərinə qaldırıb. İrəvanın "Ararat" klubu SSRİ çempionu olub. Deməli, istəsək, Azərbaycanda səviyyəli futbol qurmaq mümkündür.