Avropa Liqasında qrup mərhələsində 3-cü turun oyunlarında sonra turnirin statistikası açıqlanıb.

 

Rekord.az xəbər verir ki, keçirdiyi  3 matçda 6 qol vuran "Qarabağ" 48 komanda arasında 8-11-ci pillələri bölüşdürür.

 

Bu baxımdan 10 qolla ən yüksək göstərici “Arsenal”dadır.  “Qarabağ” vurduğu qədər də qapısında top görüb. Yalnız 6 komanda “Qarabağ”dan daha çox qol buraxıb.

Təmsilçimiz Avropa Liqasının ən intizamlı komandasıdır. Futbolçularımız 3 görüşdə cəmi 3 dəfə sarı vərəqə ilə cəzalandırılıb ki, başqa heç bir komandada belə göstərici yoxdur. “Qarabağ” 33 dəfə qayda pozub və 7-cı sıradadır. Əvəzində təmsilçimiz ən çox – 51 dəfə kobudluğa məruz qalıb.

Ağdam klubunun futbolçuları 42 dəfə qapıya zərbə endirib. Bunlardan 18-i çərçivəyə düşüb. Bu da yuxarı göstəricilərdən biridir. Futbolçularımızın zərbəsi 2 dəfə dirəyə tuş gəlib.

“Qarabağ” ən çox paslaşan komandalardandır. 3 matçda 1578 ötürmə edən Qurban Qurbanovun komandası bu göstəricidə 8-cidir. Ötürmələrdən 1362-si dəqiq alınıb. Pas dəqiqliyi 86 faizdir. “Qarabağ”ın orta topla oynama faizi 53-dür.

Abdullah Zubir ən çox zərbə endirən futbolçulardandır. Onun 5 zərbəsinin hamısı qapıya düşüb, bunlardan biri qolla nəticələnib.

Riçard Almeyda ən çox ötürmə edən 5-ci futbolçudur. O, 246 pas verib və bunlardan 219-u ünvanına çatıb.